Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) Elm və innovasiya şöbəsi, Mehmanxana və restoran biznesi kafedrası, həmçinin Xəzəryanı Ölkələrin Dövlət Universitetləri və Elmi-Tədqiqat Mərkəzləri Assosiasiyasının birgə dəstəyi ilə “Xəzəryanı ölkələrdə multikultural dəyərlər və turizmin inkişafı problemləri” mövzusunda onlayn formatda beynəlxalq elmi konfrans keçirilib.

Konfransın plenar iclasında ATMU-nun rektoru İlham Mədətov, Türkiyənin Anadolu Universiteti Turizm fakültəsinin dekanı Oktay Emir, Cənubi Ural Dövlət Universiteti Turizm və sosial-mədəni xidmətlər kafedrasının müdiri Tatyana Tretyakova, ATMU-nun Elm və innovasiya şöbəsinin müdiri Nəsirullah Nəsirli, Mehmanxana və restoran biznesi kafedrasının müdiri Novruz Quliyev çıxış ediblər.

Sonra konfrans işini “Xəzəryanı ölkələrdə turizm və qonaqpərvərlik sənayesi üçün kadr hazırlığı”, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında turizm infrastrukturunun inkişaf istiqamətləri. Azərbaycan turizm destinasiyası kimi”, “Multikultural dəyərlər və dayanıqlı inkişaf”, “Qida sənayesi və qida təhlükəsizliyi”, “Qida məhsullarının istehsalı və saxlanılması”, “Qidalanma xidməti” bölmələri üzrə davam etdirib.