Sərgidə 100 rəssam 100 əsəri nümayiş olunub

 

Yasamal rayon Heydər Əliyev Mərkəzində 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş "Uğurlu sabaha bugünkü uşaqlarla" adlı sərgi təşkil olunub. Sərgidə müxtəlif yaş qruplarında 100 rəssam 100 əsəri yer alıb.

Sərginin iştirakçıları əvvəlcə Qarabağ müharibəsi zamanı şəhid olan uşaqları bir dəqiqəlik sükutla yad ediblər.

Sərgini giriş sözü ilə açan Elnurə İsgəndərova əlamətdar gün münasibətilə uşaqları təbrik edib, cansağlığı və uğurlu gələcək arzulayıb.

“Sabahın uğurlu gəncliyi bu gündən yetişir” deyən Xalq rəssamı, professor Arif Hüseynov bayram münasibətilə uşaqlara xoş arzularını çatdırıb.

Yasamal rayon Heydər Əliyev Mərkəzinin fond müdiri Nigar Hüseynova, Milli Konservatoriya nəzdində İncəsənət Gimnaziyasının müəllimi Minə Məmmədova, "GALERA" sənət mərkəzinin direktoru Mənsur Əsgərli və Vətən müharibəsi qazisi Çingiz Abdullayev çıxış edərək təşkilatçılara təşəkkürlərini bildirib, sərginin əhəmiyyətini vurğulayıblar.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Əsərləri nümayiş olunan rəssamlar diplomla təltif edilib.