Adı Şuşa ilə qoşa çəkilən festival bir qərinə əvvəl mətbuat səhifələrində
Ərazi bütövlüyümüzün bərpası ilə nəticələnən 44 günlük Vətən müharibəsi Azərbaycan mədəni həyatında da mühüm dönüş mərhələsinin təməlinə çevrildi. Şanlı Zəfər muğam-sənət beşiyimiz Qarabağa, Şuşaya mədəni həyatın da yenidən qaytarılması ilə əlamətdar oldu. Prezident İlham Əliyev tərəfindən Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi, 2021-ci ildə Vaqif poeziya günləri və ənənəvi "Xarıbülbül" festivalının bərpa olunması, 2022-ci ilin ölkəmizdə qala-şəhərimizlə şərəfləndirilməsi milli mədəni yaddaşın bərpası baxımından böyük əhəmiyyət daşıyır.
Bu il azad Şuşada ikincisi, ümumilikdə isə beşincisi gerçəkləşən “Xarıbülbül” festivalı 270 yaşlı şəhərimizin, Pənahəli xan yadigarının bir qərinə öncəki çal-çağırlı günlərinə daha bir möhtəşəm qayıdış oldu. Musiqi bayramı bir sıra ölkələrdən ifaçı və kollektivləri Cıdır düzünə yığaraq yenidən beynəlxalq statusunu təsdiqlədi.
Oxucularımız üçün maraqlı olacağını nəzərə alıb arxiv materialları, o dövrün mətbuat nümunələri işığında festivalın tarixinə ekskursiya etdik.
“Mahnı və dostluq bayramı”
“Xarıbülbül” musiqi festivalının əsası məşhur xanəndə, pedaqoq, Xalq artisti Seyid Şuşinskinin (1889-1965) 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildə qoyulub. Həmin ilin əvvəlində festivala hazırlıqlara başlanılıb, may ayında, Şuşada xarıbülbülün çiçəklənmə dövründə keçirilib.
İlk festivalda yerli ifaçılarla yanaşı, keçmiş Sovet İttifaqı üzrə respublikalardan musiqi qrupları da iştirak edib. Ümumilikdə festivala 100-ə yaxın qonaq qatılıb. Konsertlər Cıdır düzündə qurulmuş 7 məkanda keçirilib. Festival 12-15 yaşlı yeniyetmələrin ifasında “Qarabağ şikəstəsi” zərbi-muğamı ilə açılıb. İlk festivalın tamaşaçıları əsasən Şuşanın sakinləri idi. Musiqi şöləninin ilk günü Qarabağ atlarının yarışı da təşkil olunmuş, festival çərçivəsində Şuşada güləş yarışları da keçirilmişdi...
Bütün bu sadaladıqlarımız elektron mənbələrdə qeyd olunan məlumatlardır. Bəs, görəsən, bugünkü rəqəmsal dünyamızdan fərqli olaraq 33 il əvvəl ilk festivalla bağlı ictimaiyyətə hansı məlumatlar çatdırılmışdı və bu mədəni hadisə mətbuatda necə işıqlandırılmışdı?
Əlimizdə “Bakı” qəzetinin 1989-cu il 24 may tarixli sayı var. Qəzetdə “Ümumittifaq xalq yaradıcılığı festivalı” rubrikası ilə “Mahnı və dostluq bayramı” adlı “Azadinform”un (indiki AZƏRTAC) müxbiri Ç.İsmayılovun yığcam informasiyası dərc olunub.
Məlumatda deyilir: “Şuşa şəhərinin sakinləri “Xarıbülbül” Ümumittifaq folklor mahnı festivalının iştirakçılarını Azərbaycan şərbəti, gül-çiçək və mahnı ilə qarşıladılar. Onlar “Cıdır düzü” bayramını qeyd etmək üçün Şuşaya gəlmişlər. Bu il bayram görkəmli Azərbaycan müğənnisi Seyid Şuşinskinin anadan olmasının 100 illiyi ilə bir vaxta düşmüşdür. Doğma Cıdır düzündə səhnələşdirilmiş tamaşa göstərilmişdir. Tamaşada müğənnilər, rəqqaslar, kəndirbazlar, atçapanlar və pəhləvanlar iştirak etmişdir. Bir çox dillərdə mahnılar oxunmuş, musiqilər səslənmişdir...”.
Xəbərdə festivalda Başqırdıstan, Türkmənistan, Qırğızıstandan olan musiqiçilərin iştirakı qeyd edilir və görkəmli xanəndə, Xalq artisti Sara Qədimovanın muğamlarımızı ifa etdiyi vurğulanır. Rusiyalı qonaq, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru V.Şurovun təəssüratlarına da yer verilir. Alim festivalı əsl yaradıcılıq və dostluq bayramı adlandırır.
“Kommunist” qəzetinin 1989-cu il 26 may buraxılışında da festival haqqında xəbərə rast gəlirik. Qəzetin Ağdam müxbiri yazır: “Musiqi sərhəd tanımır. Xalqın tarix və mübarizə yolunu, arzu və düşüncələrini tərənnüm edən muğam və el havaları milliyyətindən, dinindən asılı olmayaraq, hamının qəlbini ehtizaza gətirir”.
Materialda bildirilir ki, festival iştirakçıları Ağdamda Şahbulaq qalası və Çörək Muzeyində olub, muğam məktəbində çıxış ediblər. Bu xəbərdə də professor V.Şurovun fikirlərinə yer verilib: “Əbəs yerə demirlər ki, Qarabağda uşaqlar da muğam üstündə ağlayır. Mən sizin gözəl yerlərdə – Şuşada, Şahbulaqda, Gülablıda olarkən bu fikrin həqiqiliyini bir daha yəqin etdim”.
Yazıda daha sonra qeyd edilir ki, qonaqlara dünya musiqisinə Üzeyir Hacıbəyli, Bülbül, Xan Şuşinski kimi ölməz sənətkarlar bəxş etmiş Şuşanın tarixi haqqında məlumat verilib. Bildirilir ki, festival iştirakçılarının əmək kollektivləri ilə görüşlərində respublikanın mədəniyyət naziri Polad Bülbüloğlu da iştirak edib.
İlk festival haqqında daha geniş yazı isə “Şuşa” qəzetində müəllif Əli Mahmud tərəfindən qələmə alınıb. Yazıda Cıdır düzü açıq səma altında möhtəşəm konsert salonu kimi təsvir edilir. Qeyd olunur ki, beynəlxalq folklor festivalının rejissoru Azər Zamanlıdır. Məqalədə cıdır atları, Şərq musiqi alətləri fabrikində hazırlanan tar, kamança, ud və nağaraların, həmçinin Qarabağ xalçalarının nümayiş etdirildiyi diqqətə çatdırılır. Musiqi bayramının Şuşa rayon Xalq Deputatları Sovetinin sədri M.Gözəlovun açılış nitqi ilə başladığı, musiqi sədalarının Daşaltı dərələrində əks-səda verib Topxana meşəsinə, Qızılqayaya yayıldığı vurğulanır.
Qeyd olunur ki, ilk festivalda mədəniyyət naziri Polad Bülbüloğlu, Moskva Dövlət Konservatoriyasının professoru V.Şurov, SSRİ Xalqları Musiqisinin Təbliğatı Bürosunun şöbə müdiri Natalya Şurova, SSRİ Folklor Komissiyası redaksiya bölməsinin müdiri B.Rabinoviç, bəstəkar, Xalq artisti, professor Vasif Adıgözəlov, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki BMA) professoru Oqtay Quliyev, Mədəniyyət Nazirliyinin idarə rəisi Şamil Axundov, Türkmənistan, Başqırdıstan, Tacikistan mədəniyyət nazirliklərinin məsul şəxsləri iştirak edib. Xalq artisti Sara Qədimova və Azərbaycanın müxtəlif bölgələrindən musiqiçilərin qatıldığı festivalın iştirakçıları Şuşada Üzeyir bəyin və Bülbülün ev-muzeylərini də ziyarət ediblər.
Ümummilli ağrının kölgəsində ikinci festival
1990-cı il. Bu tarix ölkəmiz üçün o qədər də bayram əhvallı sayılmır. Çünki il başlayanda, yanvarın 20-də sovet imperiyası Bakıda qanlı qırğın törətmişdi. Bəlkə də elə bu səbəbdən ikinci “Xarıbülbül” festivalı ilə bağlı cəmi bir mənbədə, “Kommunist” qəzetində məlumata rast gəlirik. S.Krasnovanın 20 may tarixli “Xarıbülbül” festivalının marşrutları ilə... Nəğmə qonaq gəlir...” adlı yazısı tədbirə qatılacaq qonaqlar üçün Mədəniyyət Nazirliyinin təşkil etdiyi beynəlxalq festival qərargahından reportajdır. Qonaqların “Azərbaycan” mehmanxanasında qarşılandığını yazan müxbir həmin il festivala Hollandiya, Tatarıstan, Meksika, ABŞ, Gürcüstan, Belarusiya (Belarus), Türkiyə, Litva və Tacikistandan etnomusiqişünas, sənətşünas, eləcə də musiqi kollektivlərinin qatıldığını qeyd edir.
“Dünyanı bizə, bizi dünyaya tanıdan “Xarıbülbül”
Əgər ilk iki ildə musiqi bayramı “Ümumittifaq xalq yaradıcılığı festivalı”, “Folklor festivalı” adlanırdısa, 1991-ci ildə “Xarıbülbül” III Beynəlxalq Musiqi Folkloru Festivalı kimi qeyd olunur.
Üçüncü festival haqqında “Kommunist” qəzeti 1991-ci il 21 may tarixli sayında yazırdı: “Artıq 3-cü dəfə keçirilən festival əsl sülh və dostluq bayramına çevrilir... Startını musiqi yaradıcılığının gözəl çeşməsi sayılan Şuşadan götürən festivalın düşərgəsi keçən ildən Mingəçevir şəhəridir. Mingəçevir Şəhər Partiya Komitəsinin ikinci katibi Rasim Məmmədov festivala hazırlıqla bağlı müsahibəsində deyir: “Bu il Türkiyə, İspaniya, Əfqanıstan, ABŞ və digər ölkələrdən folklor ustaları gəlmişlər. Festivalın açılışı Mingəçevirdə Y.Qaqarin adına stadionda baş tutmuşdur. Tədbiri isə mədəniyyət naziri Polad Bülbüloğlu açmışdır. Festival iştirakçıları Gəncə, Ağcabədi, Bərdə, Zaqatala, Ağdaş və Ağdamda çıxışlar edəcəklər. Yekun konsert isə Bakıda reallaşacaq”.
Təəssüf ki, “Kommunist” qəzeti festivalın hansı səbəbdən Şuşada deyil, Mingəçevirdə keçirilməsinin səbəbini göstərmir. Artıq Dağlıq Qarabağda Azərbaycanın suverenliyinə təhdid olan erməni separatizmi, Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları silahlı münaqişəyə keçmişdi. Belə bir vəziyyətdə Şuşada təntənəli musiqi, folklor bayramının reallaşması mümkün deyildi...
1991-ci ilin yanvarında nəşrə başlayan “Mədəniyyət” qəzeti həmin ilin 15 may tarixli sayında mədəniyyət nazirinin müavini Şamil Axundova istinadən festivala hazırlıqla bağlı məlumat verir. Materialda festivalın 18 may tarixində Mingəçevirdə keçiriləcəyi və İtaliya, Hindistan, Yaponiya və digər ölkələrdən kollektivlərin qatılacağı haqqında qeyd olunur.
Qəzetin 21 may buraxılışında isə “Dünyanı bizə, bizi dünyaya tanıdan “Xarıbülbül” başlıqlı yazıda festivalın 70 ildən bəri Azərbaycanda keçirilən yeganə beynəlxalq əhəmiyyətli tədbir olduğunu yazır. Yazıda eyni zamanda bədnam ermənilərin torpaqlarımıza göz dikdiyi, Qarabağda vəziyyətin ağır olduğu qeyd edilir: “Təəssüf ki, festival torpağımıza göz dikənlərin fitnə-fəsadı, hər cür alçaqlığa əl atması səbəbindən bu il də Şuşada keçirilmir. Faşizmi diz çökdürən Sovet ordusu erməni neofaşizmindən çəkinərək qonaqlarımızın təhlükəsizliyinə zəmanət vermir. Lakin inanırıq ki, festival əvvəl-axır Şuşada start götürəcək...”. Yazıda həmin il festivala 600 iştirakçının qatıldığı da qeyd edilir.
“Kommunist” qəzetinin 1991-ci il 16 may tarixli buraxılışında “Mədəniyyət” qəzetinin baş redaktoru Şahmar Əkbərzadənin festivalın Təşkilat komitəsinin sədri, mədəniyyət naziri Polad Bülbüloğlu ilə müsahibəsi dərc edilib. “Qazanan mədəniyyətimizdir” adlı müsahibədə nazir festivalın coğrafiyasının genişləndiyini bildirir: “Xarıbülbül” mədəniyyət sahəsində suveren addımlar atmağımıza canlı sübutdur. Mərkəzdən icazəsiz birbaşa mədəni əlaqələr yaratmaqla bağlı razılığa gəlmişik”. P.Bülbüloğlu həmçinin festivalı xalqımızın tarixi, mədəniyyəti haqqında “bədxahların yaydığı böhtanları alt-üst edən ədalət məclisi” adlandırır. Diqqətə çatdırır ki, amerikalı Rozi Törner, Bob Barılski Azərbaycanı tanıyıb görəndən sonra düşmənlərimizin rəzil niyyətləri barədə obyektiv fikirlər söyləmişlər.
Ş.Əkbərzadənin “Bu qıtlıq vaxtında iştirakçıların korluq çəkəcəyindən ehtiyat edirsinizmi” sualına isə nazir “Dünyanı bizə, bizi dünyaya tanıdan “Xarıbülbül” yolunda hər cəfaya dözmək olar” cavabını verir.
“Kommunist” qəzeti 28 may tarixli sayında üçüncü festivalın Bakıdakı bağlanış mərasimindən yazır: “Mayın 25-də V.İ.Lenin adına Respublika Sarayında “Xarıbülbül” III Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi keçirilmişdir. Festivalda iştirak edən folklor kollektivlərinə Azərbaycan Mədəniyyət Nazirliyinin “Xalqın milli mədəniyyətinin qorunması və yüksək ustalığa görə” fəxri diplomları təqdim edilmişdir...”.
Xəbərdə üç saatdan çox davam edən konsertin möhtəşəmliyi qeyd olunur. Bildirilir ki, yekun konsertin quruluşunu festivalın baş rejissoru, Xalq artisti Kərim Kərimov və moskvalı baletmeyster İqor Sklyar verib.
“Qoy susmasın “Xarıbülbül”...
Çox mürəkkəb bir dövr. Xocalıda soyqırımı törədilib, əzəli yurd yerlərimiz işğal olunur. Artıq Şuşanın da başını qara buludlar bürüyüb...
30 aprel 1992-ci il. “Mədəniyyət” qəzeti. “Qoy susmasın “Xarıbülbül” sərlövhəli yazı Mədəniyyət Nazirliyində keçirilən mətbuat konfransı haqqındadır. Xəbərdə festivala, əvvəlki illərdə olduğu kimi, çoxsaylı ölkələrdən iştirakçıların qatılmaq üçün müraciət etdiyi diqqətə çatdırılır: “Hazırda hamını bir sual düşündürür: “Azərbaycan torpaqlarında müharibə getdiyi bir vaxtda festivalı keçirmək, ya keçirməmək?”. Bütün dünyada informasiya blokadasına düşdüyümüz bir zamanda xalqımızın başına gətirilən faciələri göstərmək üçün bundan böyük vasitə ola bilməz...”.
Festivalın keçiriləcəyi tarix 23-28 may kimi qeyd edilir. Bildirilir ki, festivalın bağlanış mərasimi Azərbaycan Demokratik Respublikasının yaradılmasının ildönümündə Gəncədə keçiriləcək. Yazıda iqtisadi çətinliklərin hökm sürdüyü vaxtda imkanlı təşkilatlardan maddi yardım göstərilməsi də xahiş olunur...
...Mayın 8-də xarıbülbülün vətəni Şuşa erməni silahlı qüvvələri tərəfindən işğal olunur. Dördüncü “Xarıbülbül” festivalı ləğv edilir. Şuşa, Cıdır düzü musiqi, folklor şöləni üçün uzun illər gözləməli olur.
2020-ci ilin 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüz bərpa olunur, Şuşada üçrəngli bayrağımız yenidən dalğalanır. Otuz il öncə “Mədəniyyət” qəzetinin yazdığı kimi, qala-şəhərimiz yenidən festivallı günlərinə qayıdır. Cıdır düzü Heydər Əliyev Fondunun təşkilatçılığı ilə möhtəşəm musiqi bayramına – “Xarıbülbül” musiqi festivalına ev sahibliyi edir...
Adı bundan sonra da mədəniyyət paytaxtımızla qoşa çəkiləcək “Xarıbülbül” festivalının tarixinə səyahət etdi
Lalə Azəri
P.S. Arxiv materiallarının əldə olunmasında göstərdikləri köməyə görə Milli Kitabxananın rəhbərliyinə və kollektivinə minnətdarlığımızı bildiririk.