Bakı Zooloji Parkında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ilk tədbir keçirilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan “Gələcək uşaqlara məxsusdur” adlı şənliyə şəhid və qazi uşaqları, 11 nömrəli xüsusi təhsil məktəbi, 2 saylı internat məktəbi və 1, 2, 3 saylı uşaq evlərindən ümumilikdə 500-ə yaxın uşaq qatılıb.

Zooparkın müxtəlif məntəqələrində qurulan pavilyonlarda ziyarətçilər oyunlara və yarışlara qatılaraq hədiyyələr qazanıblar. Bununla yanaşı, balacalar açıq havada gimnastika və yoqa ilə məşğul olublar, üzlərini boyayıblar, köpük şousunda iştirak ediblər. Cizgi film personajlarının iştirakı, müxtəlif viktorina və maraqlı oyunlar şənliyi daha da rəngarəng edib.

Uşaqlar xalça sənəti, keramika, təbii parçalardan oyuncaqların hazırlanması, eko-çantaların zoomorf ornamentləri ilə bəzədilməsi, quş yemlərinin hazırlanması kimi müxtəlif ustad dərslərinə qatılıblar. Eyni zamanda uşaqların maariflənməsi üçün onlara zooparkın lektoriyasında heyvanlar haqqında cizgi filmləri, təqdimatlar nümayiş olunub.

Qeyd edək ki, Bakı Zooloji Parkı əsaslı təmir və yenidənqurma işlərindən sonra 2021-ci il oktyabrın 7-də qapılarını yenidən ziyarətçilərə açıb. Zooparkın ərazisi iki dəfə artırılaraq 4,25 hektara çatdırılıb. Yaşıllıq sahəsi 30 min kvadratmetrə qədər artırılan zooparkda daha təbii mühit yaradılıb, volyerlər, akvaterrarium, kontakt zooparkı, süni göl, hovuzlar və baytarlıq klinikası inşa edilib.