Oktyabr-noyabr aylarında Milli Azərbaycan Tarixi Muzeyində “Şuşa İli”nə həsr olunmuş sərgi keçiriləcək.
Bu barədə qəzetimizə məlumat verən muzeyin direktoru, akademik Nailə Vəlixanlı bildirdi ki, muzeydə Qarabağ xanlığı və Şuşaya aid ən qədim dövrlərdən başlayaraq zəngin eksponatlar, bayraqlar, müxtəlif əşyalar qorunur: “Mir Möhsün Nəvvaba, Xurşidbanu Natəvana və Üzeyir Hacıbəyliyə aid əşyalarla yanaşı, Pəhanəli xanın məzarının başdaşı da bizim muzeydədir. Bundan əlavə, Qarabağ xanlığına aid pullar da muzeyimizdə mühafizə olunur”.
Muzeydə ekspozisiyanın yenidən qurulduğunu bildirən akademik açılışın bu ilin sonuna nəzərdə tutulduğunu söylədi. Qeyd etdi ki, ekspozisiyanın təşkili ilə bağlı bir sıra problemlərlə qarşılaşıblar: “Ölkəmizdə hələ ki, muzey ekspozisiyasını qurmağı bacaran şirkətlər azdır. Standartlara uyğun muzey ekspozisiyası işi ölkəmizdə yeni formalaşmağa başlayıb. Çox arzulayıram ki, peşəkar bir şirkət tenderdə qalib gəlsin. Biz bu işdə öz köməyimizi onlardan əsirgəməyəcəyik. Bu məkan tarixdir, burada xronologiya və mövzuya uyğun olaraq hər bir eksponat düzgün tətbiq olunmalıdır. Dörd ilə yaxındır ki, muzeyimizin tarix ekspozisiyası bağlıdır. Ümidvarıq ki, biz bu ekspozisiyanı təqdim edə biləcəyik”.
Lalə Azəri