Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgi Mərkəzindəki “Azərbaycan” pavilyonunda rəssamlıqda unikal xalça üslubunun müəllifi, mərhum rəssam Abbas Kazımovun (1956-2021) “Nağıl dünyası” adlı sərgisi açılıb. Sərgi Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunub.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu hazırda müxtəlif auditoriyalar üçün nəzərdə tutulmuş çoxsaylı tədbirlərə ev sahibliyi edən “Azərbaycan” pavilyonunun bərpasını nəzarətə götürən Heydər Əliyev Fonduna, fondun prezidenti Mehriban Əliyevaya və Azərbaycanın dövlət başçısı İlham Əliyevə təşəkkürünü bildirib.

Rəssam Abbas Kazımovdan danışan Polad Bülbüloğlu onunla 1981-ci ildə rejissor Yuli Qusmanın “Qorxma, mən səninləyəm!” filmində birlikdə çəkildiklərini deyib: “Abbas filmdə özünün karateçilər komandası ilə çəkilmişdi. Elə o vaxtdan dostlaşdıq. Mənim evimdə onun hədiyyə etdiyi bir neçə rəsm əsəri var. Abbas Kazımovun əsərləri Azərbaycan incəsənətinin bir çox elementlərini, Abşeron rəssamlıq məktəbinin üslubunu özündə cəmləşdirən çox orijinal üslubdur. Onun əsərləri təkcə Rusiyada deyil, digər ölkələrin də qalereyalarında saxlanılır. Bakıda və Moskvada sərgilərini təşkil etmişik... Abbasın XXI əsrin bu dəhşətli xəstəliyinə görə bizi tərk edəcəyini heç kim təsəvvür edə bilməzdi. Bunu dərk etmək çox çətindir, xüsusən də, insan güclə, yaradıcılıq planları ilə dolu olanda...”.

Diplomat vurğulayıb ki, bu sərgidə Abbas Kazımovun xeyirxahlığa, qarşılıqlı anlaşmaya çağırış edən, bu gün üçün çox vacib olan tabloları nümayiş olunur: “Düşünürəm ki, onun xatirəsi dostlarının qəlbində və əlbəttə ki, yaratdığı rəsmlərdə, sənət əsərlərində yaşayacaq. Uzun illər keçəcək, lakin bu rəsm əsərləri öz sözünü deyəcək”.

TASS İnformasiya Agentliyi baş direktorunun birinci müavini Mixail Qusman çıxışında Abbas Kazımovla uzun onilliklər ərzində dostluq etdiyini, onu saf, səmimi, dərin insan və bir sənətkar kimi çox sevdiyini söyləyib: “Abbas Kazımovun sərgisinin iyunun 1-də açılması rəmzidir, çünki Abbasın uşaqlarla bağlı, uşaqların çox sevdiyi heyvanlar aləmi ilə bağlı xeyli əsəri var idi. O, uşaqları sevirdi, onlarla isti və səmimi dil tapırdı. Şadam ki, Abbasın xatirəsi onun əsərlərində, bu sərgidə yaşayır...”.

“Azərbaycan” pavilyonunun direktoru Səadət Kadırova bildirib ki, 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə pavilyonda maraqlı sərgilərin açılması artıq yaxşı ənənəyə çevrilib: “Bu sərgini də Abbas Kazımovun xatirəsinə ehtiram olaraq açmışıq. İstəyirəm ki, bu sərgi onun yaradıcılıq yolunun davamı olsun...”.