İyunun 1-də Azərbaycan Milli Xalça Muzeyində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Uşaqların ürəkləri ilə çiçəklənən Şuşa” adlı festival keçirilib.
Muzeyin və Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyev adına 47 saylı tam orta məktəbin əməkdaşlığı ilə baş tutan festivalda musiqi və rəqs qruplarının, yaradıcı kollektivlərin ifaları təqdim edilib.
Məktəbin şagirdlərinin iştirakı ilə hazırlanmış “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı” adlı təqdimat, Xalça Muzeyinin Uşaq şöbəsi tərəfindən “Arşın mal alan” tamaşasından parça, həmçinin “Uçan xalça” marionet teatr tamaşası maraqla qarşılanıb.
Tədbirdə muzeyin Şuşa filialının məktəblilər arasında keçirdiyi “Şuşa qəhrəmanları” mövzusunda rəsm və inşa müsabiqəsi iştirakçılarının əl işləri sərgilənib, onların yazdıqları inşalar oxunub. Bakı Modern Təhsil Kompleksi şagirdlərinin əl işlərindən ibarət “Qarabağın təsviri – art obyekt” adlı sərgi də nümayiş olunub.