İyunun 1-də Səməd Vurğunun Ev-Muzeyində şairə, filoloq Afaq Sultanovanın yaradıcılığına həsr olunan tədbir keçirilib.
Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) müəllim və tələbələri, Abdulla Şaiqin Ev-Muzeyinin direktoru Ülkər Talıbzadə, “Oxbridge” akademiyasının kollektivi, “Günay” Uşaq və gənclər teatrının üzvləri iştirak etdilər.
Muzeyin direktoru Nüşabə Babayeva-Vəkilova qonaqları salamlayaraq Afaq Sultanovanın yaradıcılığı haqqında məlumat verib.
Şairə Qarabağla, Şuşa ilə bağlı Qələbə ruhlu şeirlərini oxuyub. “Günay” uşaq və gənclər teatrının üzvləri, ADMİU tələbələrinin ifasında şairənin şeirləri səsləndirilib.
Tədbirin sonunda Afaq Sultanova yeni çapdan çıxmış “Души осенние напевы” (“Qəlbin payız nəğmələri”) adlı şeirlər toplusunu qonaqlara hədiyyə edib.