İyunun 1-də Bakıda, Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” keçirilib. Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Nərimanov Rayon İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə keçirilən festivalda müxtəlif əyləncə və maarifləndirici proqramlar təqdim olunub. Hər bir uşaq öz marağına uyğun əyləncə seçib asudə vaxtını səmərəli keçirə, istedadını nümayiş etdirə bilib. Parkın ərazisi müxtəlif mövzular və əyləncə növləri üzrə bölünüb. Belə ki, idmansevərlər üçün mini turnirlər, yarışlar, interaktiv oyunlar təşkil olunub, şahmat yarışlarında iştirak etmək, Olimpiya çempionları ilə görüş fürsəti yaradılıb.
Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan festivalda TOPs proqramının da guşəsi olub.
TOPs proqramının təlimçiləri parkda uşaqlar üçün müxtəlif oyunlar və idman yarışları təşkil ediblər. Milli Olimpiya Komitəsinin dəstəyi ilə TOPs guşəsində ulduz idmançılar – Yunan-roma güləşi üzrə Olimpiya mükafatçısı Rəsul Çunayev, karate üzrə Olimpiya mükafatçısı İrina Zaretska da qonaq olub. Tanınmış idmançılar uşaqlarla birgə komanda yarışlarına qatılıb, onlara sağlam həyat tərzini qorumaq üçün öz tövsiyələrini veriblər. Yüzlərlə uşaq bu fəaliyyətlərdə iştirak edib və estafet yarışının qaliblərinə medal, həmçinin müxtəlif hədiyyələr təqdim olunub.
TOPs proqramının rəhbəri, Əməkdar müəllimi Vəli Musayev festivalın əhəmiyyətindən bəhs edərək deyib: “Belə kütləvi tədbirin keçirilməsi uşaqlarda birlik ruhunun formalaşmasına, onların kommunikasiya bacarıqlarının artmasına böyük dəstəkdir. Bugünkü tədbirdə iştirak edən valideynlərin də, uşaqların da xüsusi marağını gördük. Biz də öz növbəmizdə sağlam həyat tərzini təbliğ etmək məqsədilə uşaqlarla müxtəlif idman yarışları, komanda fəaliyyətləri təşkil etdik. Olimpiya mükafatçılarımızın da bu yarışlara qoşulması uşaqlar üçün böyük sevinc, silinməz xatirələr bəxş etdi”.
Qeyd edək ki, TOPs proqramı ümumtəhsil məktəblərində şagirdlərin fiziki sağlamlığının inkişaf etdirilməsi, fiziki tərbiyə və ibtidai sinif müəllimlərinin TOPs metodologiyası vasitəsilə bilik və bacarıqlarının, fiziki tərbiyə üzrə fənn kurikulumunun tətbiqi üçün fəal tədris metodikasının təkmilləşdirilməsi məqsədilə həyata keçirilir. Layihə Təhsil Nazirliyi, “British Council”, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, “İnkişaf naminə İdman” İctimai Birliyinin birgə tərəfdaşlığı ilə icra edilir.