İyunun 3-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Üzeyir Hacıbəylinin "Arşın mal alan” musiqili komediyasının növbəti tamaşası olacaq. Tamaşanın budəfəki nümayişi Xalq artisti Mobil Əhmədovun xatirəsinə həsr olunub. Görkəmli vokalçı vaxtilə bu operettada baş rolu – Əsgər partiyasını ifa edib.
Tamaşanın nümayişindən əvvəl teatrın ədəbi hissə müdiri, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı sənətkarın həyat və yaradıcılığı barədə tamaşaçılara məlumat verəcək.
Operettada Əməkdar artistlər Nərgiz Kərimova, Nadir Xasiyev, aktyorlar Elxan İsmayılov, Gülcahan Salamova, Ülviyyə Əliyeva, İbrahim Əlizadə, Emin Zeynallı, Mehriban Zaliyeva çıxış edəcəklər.
Xatırladaq ki, Mobil Əhmədov uzun illər Musiqili Teatrın səhnəsində “Arşın mal alan” tamaşasında Əsgər obrazını canlandırıb.
Mobil Salman oğlu Əhmədov 10 sentyabr 1931-ci ildə Gəncə şəhərində dünyaya gəlib. 1955-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə daxil olur, bir il sonra Azərbaycan Dövlət Konservatoriyasında görkəmli vokal ustası Bülbülün sinfində təhsil almağa başlayır. 1961-ci ildə konservatoriyanı bitirir.
Mobil Əhmədov həmin ilin sentyabrında Azərbaycan Dövlət Musiqili Komediya Teatrına (indiki Akademik Musiqili Teatra) dəvət edilib və burada işlədiyi təqribən 40 il ərzində 70-dən çox tamaşada uğurla çıxış edib, Sərvər ("O olmasın, bu olsun”), Bəxtiyar ("Ulduz”), Yetim (“Milyonçunun dilənçi oğlu”), Ayaz ("Qayınana”), Sahib ("Ləpələr”), Rəşid ("Hardasan, ay subalıq?”), Qiyas ("Beş manatlıq gəlin”), Xəzər ("Məmmədəli kurorta gedir”), Murad ("Durna”), Orxan ("Hicran”) və digər obrazlarla teatrsevərlərin yaddaşında silinməz izlər qoyub.
Sənətkar Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə 1978-ci ildə Əməkdar artist, 2000-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb.
Mobil Əhmədov 2006-cı il iyunun 2-də Bakıda vəfat edib və doğulduğu Gəncə şəhərində dəfn olunub.