BMT-nin ixtisaslaşmış təşkilatı olan UNESCO dünyada təhsil, elm, mədəniyyət, informasiya və kommunikasiya sahəsində əməkdaşlığın ən böyük hökumətlərarası forumudur. Təşkilatın nizamnaməsi 16 noyabr 1945-ci ildə Londonda imzalanıb, 4 noyabr 1946-cı ildə UNESCO rəsmən fəaliyyətinə başlayıb.

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra 3 iyun 1992-ci il tarixində UNESCO-ya üzv qəbul edilib. UNESCO- Azərbaycan əlaqələrinin təşəkkülü və inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev Azərbaycanın Prezidenti kimi 1993-cü ilin dekabr ayında ilk dəfə Fransa Respublikasında rəsmi səfərdə olarkən Parisdə UNESCO-nun Baş direktoru Federiko Mayorla görüşmüşdü. Həmin görüşdə təşkilatla əməkdaşlıq və onun sonrakı inkişafının perspektiv planlarını müzakirə edilmişdi.

UNESCO-nun nizamnaməsinə görə, üzv-dövlət təhsil, elm və mədəniyyətlə məşğul olan qurumların fəaliyyətini UNESCO-nun işi ilə əlaqələndirmək üçün, ilk növbədə, Milli Komissiya yaratmaq yolu ilə müvafiq tədbirlər həyata keçirməlidir. Prezident Heydər Əliyev 21 fevral 1994-cü il tarixində UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının yaradılması ilə bağlı sərəncam imzalamış, bu istiqamətdə lazımi addımlar atılmışdı.

Bu gün Azərbaycanla UNESCO arasında əlaqələr davamlı şəkildə həyata keçirilir. Azərbaycanın maddi və mənəvi irs nümunələrinin UNESCO-nun müvafiq siyahılarına daxil edilməsi də bu əməkdaşlığın mühüm göstəriciləridir. Bu sahədə UNESCO-nun xoşməramlı səfiri, Birinci vitse-prezident Mehriban Əliyevanın mühüm xidmətləri var.

Azərbaycanın UNESCO-ya üzv qəbul edilməsinin 30 illiyi münasibətilə Milli Kitabxananın əməkdaşları tərəfindən virtual sərgi hazırlanıb.

Virtual sərgidə fotolar, UNESCO-nun siyahılarına daxil edilən Azərbaycan maddi və mənəvi irsinin nümunələri, mövzu ilə əlaqəli kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.

Virtual sərginin linki: http://anl.az/el/vsb/Unesco_/index.htm