Xəbər verdiyimiz kimi, bu il görkəmli şair, maarifçi-pedaqoq Mirzə Ələkbər Sabirin anadan olmasının 160 illiyi münasibətilə müxtəlif tədbirlər və layihələr nəzərdə tutulub. Bu il həmçinin söz ustadının adı ilə şərəflənən, 1962-ci ildə əsası qoyulan poeziya bayramının – “Sabir poeziya günləri”nin altmış illiyidir.

Bu il təşkil ediləcək “Sabir poeziya günləri” 5 iyun tarixinə nəzərdə tutulsa da, daha sonra tədbir 12 iyuna ertələnib.

Bu barədə qəzetimizə məlumat verən Azərbaycan Yazıçılar Birliyi (AYB) Şirvan bölməsinin rəhbəri, Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu bildirib ki, poeziya bayramı üçün bu dəfə də xüsusi proqram tərtib olunub və tədbirə hazırlıq gedir: “Tədbirdə Yazıçılar Birliyinin rəhbərliyi, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və bir sıra ölkələrdən qonaqlar qatılacaq.

Builki poeziya bayramında məktəblilər də yaxından iştirak edəcək. Təşkilatçılar tərəfindən onlara sürpriz dolu proqram təqdim olunacaq”.