Dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, professor Lütfi Zadənin (1921-2017) anadan olmasının 100 illiyi ötən il ölkəmizdə geniş şəkildə qeyd edildi. Milli Kitabxana, Prezident İlham Əliyevin böyük alimin 100 illik yubileyi haqqında sərəncamını və Mədəniyyət Nazirliyinin tədbirlər planını əsas tutaraq “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “Lütfi Zadə. Biblioqrafiya”nı nəşr etdirib.

Kitabxanadan bildirilib ki, nəşr Lütfi Zadəyə həsr edilmiş ilk fundamental biblioqrafiyadır. Biblioqrafiyaya AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov “Qeyri-səlis məntiq nəzəriyyəsinin banisi – Lütfi Zadə” adlı ön söz yazıb.

Biblioqrafiyada alimin əsərləri, həyat və yaradıcılığına aid zəngin materiallar toplanıb, həyat və fəaliyyətinin əsas tarixləri, görkəmli şəxsiyyətlərin onun haqqında fikirləri, rəsmi sənədlər əksini tapıb. Biblioqrafiyanın “Lütfi Zadə dünya milli kitabxanalarında” və “Lütfi Zadə dünya universitet kitabxanalarında” bölmələrində toplanan ədəbiyyat alimin elmi irsinin bütün dünyada çox geniş yayılmasının əyani sübutudur. Göstəricidən istifadəni asanlaşdırmaq məqsədilə biblioqrafiyanın sonunda Lütfi Zadənin əsərlərinin və haqqında yazan müəlliflərin Azərbaycan və digər dillərdə əlifba göstəriciləri verilib.

Biblioqrafiyada Azərbaycan, rus, ingilis və başqa dillər üzrə materiallar əks olunub.

Materiallar Azərbaycan, rus, ingilis və başqa xarici dillər üzrə verilib. Biblioqrafik göstəricidə materiallar xronoloji prinsip əsasında qruplaşdırılıb, daxildə isə əlifba sırası gözlənilib.

Biblioqrafik göstəricinin elektron (PDF) versiyası bu linkdə: http://anl.az/down/LutfiZade-biblioqrafiya.pdf