Azərbaycan Dövlət Akademik Musiqili Teatrının quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Əsgər Əsgərov Avrasiya Teatr Birliyinın dəvəti ilə iyunun 14-də Özbəkistana səfər edəcək.

Səfər çərçivəsində rejissor Səmərqənd vilayətinin Kattakurqan şəhərindəki Dram Teatrında “Qaynana” tamaşasına quruluş verəcək.

Layihə haqqında ətraflı məlumat verib Ə.Əsgərov deyib: “Avrasiya Teatr Birliyinin bu seçimi bizi olduqca sevindirdi. “Qaynana” tamaşası elə bir klassik səhnə əsəridir ki, ona yeni quruluş verərkən gərək bütün unikallığını qoruyub saxlayasan. İstər ölkəmizdə, istərsə də ölkədən kənardakı teatrlarda. Kattakurqan Dram Teatrının direktoru Batır Tuqalov bu yaxınlarda ölkəmizdə olarkən bizim teatrın da müxtəlif tamaşalarının, mənim quruluş verdiyim səhnə əsərlərinin videoyazılarına da baxıb”.

Rejissor qeyd edib ki, “Qaynana” əsəri artıq özbək dilinə tərcümə olunub: “Bu ayın ortalarından orada məşqlərə başlayacağıq. “Qaynana” (Zakir Bağırov, Məcid Şamxalov) musiqili komediyası 1965-ci ildə rejissor Niyaz Şərifovun quruluşunda Musiqili Komediya Teatrında səhnəyə qoyulub. Xalq artisti Nəsibə Zeynalova bu tamaşada yaratdığı təkrarsız obraza elə bir möhür vurub ki, yenidən bu əsərə müraciət etmək böyük məsuliyyət tələb edir. Biz Akademik Musiqili Teatrın tamaşaçılarını da intizarda qoymaq istəmirik, onlar da yeni mövsümdə yeni quruluşda bu tamaşaya baxa biləcəklər. Ümidvaram ki, Özbəkistana ilk səfərim uğurlu alınacaq, qarşılıqlı əməkdaşlıq çərçivəsində layihələrimizi davam etdirəcəyik”.