Çexiyanın paytaxtı Praqada keçirilən “Səfirliklər Festivalı”nda Azərbaycan da təmsil olunub. Festivalda Çexiyada akkreditə olunmuş 40-dan artıq ölkənin səfirlikləri və bir sıra yerli şirkətlər iştirak ediblər.
Tədbirin əvvəlində şəhər meriyasının rəhbərliyi və iştirakçı ölkələrin səfirləri qonaqları salamlayıb və stendlərə baxıblar. Musiqi, əyləncə, fərqli mədəniyyətlər və kulinariya nemətlərinin bir araya gəldiyi festival yerli əhali və qonaqlar tərəfindən maraqla qarşılanıb.
Azərbaycanın Çexiyadakı Səfirliyi tərəfindən təşkil edilən stenddə milli geyimlərimiz, albomlar, kiçik xalçalar, milli mətbəximizə məxsus xörək və şirniyyatlar, habelə “Made in Azerbaijan” brendi ilə istehsal olunan konserv, şirə və şərablar nümayiş etdirilib.
Milli mətbəx nümunələri Çexiyada iaşə sahəsində fəaliyyət göstərən azərbaycanlı iş adamları tərəfindən təqdim olunub.
Praqada yaşayan gənc azərbaycanlı Kamilla Əskərovanın ifasında “Sarı gəlin” və “Uzundərə” rəqsləri ziyarətçilər tərəfindən alqışlarla qarşılanıb.
Səfirliyin əməkdaşları stendin ziyarətçilərinə ölkəmiz, milli mədəniyyətimiz, eləcə də Azərbaycanın turizm imkanları haqqında məlumat veriblər.