Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Əməkdar jurnalist, filologiya elmləri doktoru, professor Nəsir Əhmədli iyunun 7-də, 80 yaşında vəfat edib.

Azərbaycan Mətbuat Şurası professor Nəsir Əhmədlinin vəfatı ilə bağlı nekroloq yayıb.

Nekroloqda qeyd edilir ki, Nəsir Abbas oğlu Əhmədli 1942-ci ildə Tovuz rayonunun Alakol kəndində doğulub. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Jurnalistika fakültəsini bitirib. 1981-ci ildə namizədlik, 2007-ci ildə doktorluq dissertasiyasını müdafiə edib.

Peşə fəaliyyətinə Azərbaycan Televiziyasında başlayan Nəsir Əhmədli daha sonra ömrünü BDU-da elmi-pedaqoji fəaliyyətə həsr edib, fakültənin “Beynəlxalq jurnalistika və informasiya siyasəti” kafedrasının professoru olub.

3 monoqrafiyanın, 1 dərsliyin, 5 dərs vəsaitinin, onlarla elmi məqalənin müəllifi olan N.Əhmədli Azərbaycanda jurnalistikanın həm peşə kimi təkmilləşməsində, həm də elmilik qazanmasında böyük xidmətlər göstərib, dünyanın bir sıra ölkələrində keçirilmiş nüfuzlu elmi toplantılara qatılıb.

“Azərbaycan cəmiyyəti Nəsir Əhmədlinin simasında səmimilik, qayğıkeşlik, nəciblik örnəyi sayılan əsl ziyalısını, öz baxış bucağı və mövqeyilə fərqlənmiş zəhmətkeş alimini, jurnalistikaya nüfuz gətirən, peşəni sevdirən şəxsiyyəti, ustad qələm sahibini itirib” – deyə nekroloqda bildirilir.

Allah rəhmət eləsin.