Kitab və kompakt disklərin sərgisi

 

Milli Kitabxanada Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadəyə həsr olunan kitab və kompakt disklərin təqdimatı keçirildi. Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə iyunun 2-də reallaşan tədbir bəstəkarın 75 illik yubileyi münasibətilə keçirilən musiqi festivalı çərçivəsində baş tutdu.

Kitabxananın direktoru, professor Kərim Tahirov çıxış edərək sənətkarın çoxşaxəli yaradıcılığından söz açdı. Bildirdi ki, Firəngiz Əlizadə müasir Azərbaycan musiqi mədəniyyətinin dünya miqyasında tanınmış simalarındandır. Əsərləri xarici ölkələrin böyük konsert və teatr salonlarında məşhur ifaçılar tərəfindən səsləndirilir: “O, bir bəstəkar, pianoçu, dirijor və ictimai xadim kimi beynəlxalq aləmdə böyük nüfuza malikdir. Firəngiz Əlizadə öz yaradıcılığı ilə həm də milli mədəniyyətimizi Azərbaycanın hüdudlarından uzaqlarda uğurla təbliğ edir. Əsərləri həm Vətənində, həm də xaricdə Azərbaycan musiqisinin inikasına çevrilib. Firəngiz xanımın müəllifi olduğu əsərlər yaşayacaq, heç vaxt unudulmayacaq”.

K.Tahirov daha sonra dedi: “Kitabxanamızda tez-tez kitab təqdimatları keçirilir. Bu gün isə tam fərqli təqdimata – Firəngiz Əlizadənin gördüyü işlərin təqdimatına yığışmışıq. Firəngiz xanımı hər kəs tanıyır və sevir. Bir neçə gün öncə Bəstəkarlar İttifaqında sənətkara həsr edilən filmi izləyərkən onun yaradıcılığının möhtəşəmliyinin bir daha şahidi oldum”.

Sonra Firəngiz Əlizadənin yaradıcılığı haqqında qısa video təqdim olundu.

Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) sədri, Xalq artisti Firəngiz Əlizadə çıxış edərək Mədəniyyət Nazirliyinə və Milli Kitabxanaya tədbirin keçirilməsində göstərdikləri diqqətə görə öz minnətdarlığını bildirdi. Bəstəkar təqdim olunan kompakt disk və kitablar haqqında iştirakçılara ətraflı məlumat verdi.

ABİ-nin katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova çıxışında dedi ki, Firəngiz xanımın bəstəkar və ictimai xadim kimi fəaliyyəti Azərbaycan dövləti tərəfindən hər zaman yüksək qiymətləndirilib. O, çoxsaylı mükafatlara, yüksək dövlət təltiflərinə layiq görülüb.

Qeyd olundu ki, bəstəkar “İntizar”, “Sənin adın Dənizdir”, “Ağ atlı oğlan” operalarının, “Boş beşik”, “Stadt-Graniza” baletləri, “Habilsayağı”, “Muğamsayağı”, “Oazis”, “Dərviş”, “Abşeron”, “Nəsimi ilahiləri”, “Nizami fəzası” və s. əsərlərin müəllifidir.

Tədbirdə daha sonra Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor İmruz Əfəndiyeva, Naxçıvan Dövlət Universiteti Musiqi sənəti kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günay Məmmədova, Əməkdar incəsənət xadimi Akif Quliyev çıxış edərək Firəngiz Əlizadəni yubileyi münasibətilə təbrik etdilər, yeni yaradıcılıq uğurları arzuladılar.

Sonda tədbir iştirakçıları Firəngiz Əlizadənin həyat və yaradıcılığını əhatə edən, Milli Kitabxananın fondunda mühafizə edilən kitabların sərgisi ilə tanış oldular.

Savalan Fərəcov