Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Bolqarıstana səfəri çərçivəsində Qazaxıstan Respublikasının bu ölkədəki səfiri Temirtay İzbastin ilə görüşüb.
Görüşdə Türk dünyasının zəngin mədəni irsinin beynəlxalq miqyasda təbliği, bu sahədə Qazaxıstanla əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb. Səfir Türk dünyası maddi mədəni dəyərlərinin tanıdılması yönündə fondun fəaliyyətini yüksək qiymətləndirib.
Səfər çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və TÜRKPA-nın baş katibi Mehmet Süreyya Er Türkiyənin Bolqarıstandakı səfiri Aylin Sekizkök ilə görüşüblər. Görüşdə sıx tərəfdaşlıq münasibətlərindən söz açılıb, Türk dünyasının mədəniyyəti və irsi ilə bağlı gələcək layihələrin birgə həyata keçirilməsi müzakirə olunub.
Xatırladaq ki, mayın 31-də Azərbaycan Respublikasının Müstəqillik Günü və Azərbaycanla Bolqarıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Sofiya Opera və Balet Teatrında Fikrət Əmirovun “Min bir gecə” baleti nümayiş olunub. Məşhur xoreoqraf soydaşımız Eldar Əliyevin quruluş verdiyi balet tamaşası Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Azərbaycanın Bolqarıstandakı Səfirliyinin dəstəyi ilə gerçəkləşib.