Yazıçı-dramaturq, Əməkdar mədəniyyət işçisi Marat Haqverdiyevin eyniadlı əsəri əsasında 2010-cu ildə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında səhnələşdirilən "Amerikalı kürəkən” musiqili komediyası üçillik fasilədən sonra, iyunun 18-də yenidən səhnəyə qayıdır.

Görkəmli bəstəkar, Xalq artisti Ramiz Mirişlinin musiqi müəllifi olduğu tamaşanın quruluşçu rejissoru Xalq artisti İlham Namiq Kamaldır.

Qeyd edək ki, premyeradan (29 may 2010-cu il) sonra hər nümayişi böyük maraqla qarşılanan komediyanın sayca 55-ci tamaşası yenilənmiş  aktyor heyəti ilə oynanılacaq.

Səhnə əsərində rolları Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər Ələkbər Əliyev, Əkbər Əlizadə, İqrar Salamov, aktyorlar Rəsmiyyə Nurməmmədova, Səmədzadə Xasıyev,  Gültac Əlili, Ruslan Mürsəlov, Gülnarə Əzizova, Nigar Qarayeva, Mehriban Rəcəbova ifa edəcəklər.

"Amerikalı kürəkən" tamaşasına biletləri şəhərin kassalarından, “ASAN xidmət” mərkəzlərindən və “İticket.az” saytından əldə etmək olar. Kollektiv sifarişlər  qəbul olunur.