Sovet dövründə mürtəce rejimin qılıncının hər iki üzü kəsəndə milli tarixi yaddaşı oyatmaq, xalqın kimliyi barədə onun qulağına nələrsə pıçıldamaq böyük vətəndaşlıq missiyası demək idi. Şair, ədəbiyyatşünas, publisist, professor Qasım Qasımzadə belə yazarlardan idi. Onun poeziyası əsrlərlə azadlığa tamarzı qalan xalqın duyğu-düşüncəsinin ifadəsi kimi səslənir.
Qasım Xansuvar oğlu Qasımzadə 23 iyun 1923-cü ildə indiki Qubadlı rayonunun Xocamsaxlı kəndində dünyaya göz açıb. Ata-babası əslən Zəngəzur mahalından (Qarakilsə kəndi) olub. Ailə 1918-ci ildə Azərbaycanın Zəngəzur mahalında erməni quldurlarının bu elin köklü sakinlərinə qarşı qırğınlar törətdiyi vaxt Qubadlıya pənah gətirib.
Qasım orta təhsilini başa vurub Şəki Pedaqoji Texnikumuna qəbul olunur. Məzun olduqdan sonra Kəlbəcərdə orta məktəb müəllimi, Yevlax Rayon Xalq Maarifi Şöbəsində metodist işləyir. Ali təhsil almağı qarşısına məqsəd qoyan gənc Qasım 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirir.
Ədəbi yaradıcılığa da həmin illərdə başlayır, şeirlər qələmə alır. O həm də elmə maraq göstərir. Azərbaycan Elmlər Akademiyasının aspiranturasında oxuyur. Ancaq insanların keçmişini qurdalayan, ataya görə övladı, övlada görə atanı cəzalandıran sovet rejimi Qasım Qasımzadəni də nəzarətə götürür. Təqiblərə məruz qalmasının səbəbi babası Şahsuvar bəyin vaxtilə Xalq Cümhuriyyətində məmur işləməsi idi. Buna görə onu aspiranturadan çıxarmaq istəyirlər. Eyni əsasla xalq deputatı olan anası Arəstə xanım da mandatdan məhrum edilir. Lakin o dövrdə Ali Sovetin sədri olan Nəzər Heydərov onu müdafiə edir, gənc tədqiqatçıya qarşı qaldırılan məsələyə xitam verilir.
Qasım Qasımzadə “Ədəbiyyat və incəsənət” qəzetində işə düzəlir, dövri mətbuatda şeirləri, ədəbi-tənqidi məqalələri dərc olunur. 1957-1963-cü illərdə həmin qəzetin redaktoru kimi fəaliyyət göstərir. Sonra Azərbaycan EA-nın Nizami adına Ədəbiyyat İnstitutuna qayıdır. Sovet ədəbiyyatı tarixi şöbəsinin müdiri vəzifəsində çalışır. Onlarla elmlər namizədi (fəlsəfə doktoru) və elmlər doktorunun yetişməsində əmək sərf edir.
Araşdırmalardan məlum olur ki, Qasım Qasımzadənin elmi və ədəbi yaradıcılığı həmişə bir-birini tamamlayıb. Onun poeziyasında torpağa məhəbbət, bahar təravəti duyulub. Mərhum ədəbiyyatşünas, tənqidçi, professor Yaşar Qarayev yazırdı: “Qasım Qasımzadə şeirlərini ürək qanı ilə bənövşə yarpağına yazırdı. Onun şeirlərini Azərbaycan haqqında yazılmış ən yaxşı şeirlər sırasına daxil etməyə haqq verən də budur”.
Şairin mətbuatda ilk şeiri 1944-cü ildə “Kommunist” qəzetində dərc edilib. “Vəfasız olmaz” adlı həmin şeir oxucu marağına səbəb olur. Bundan ruhlanan gənc şair böyük səylə çalışır. “Bizim kənd” adlı ilk kitabı 1951-ci ildə “Uşaqgəncnəşr”də çapdan çıxır. Sonrakı illərdə “Ürək döyüntüləri”, “Son görüş”, “Nəğməli ürəklər”, “Bənövşə yarpağı”, “İsmət”, “Aşıq gördüyünü çağırar”, “Getdim, gördüm, düşündüm”, “İnsan min il yaşardı”, “Keçmə namərd körpüsündən”, “Dağlar buraxmır məni”, “Daşdan keçən söz”, “Səndən ayrılalı”, “Ədəbiyyatımız, mənəviyyatımız” və s. kitabları işıq üzü görüb. Şeirləri bir sıra xarici dillərə tərcümə edilib, Polşa, Bolqarıstan, Türkiyə, İraq, İran və s. ölkələrdə çap olunub.
Qasım Qasımzadə qələmini tərcümə sahəsində də sınayıb. M.Tursunzadənin “Hindistan balladası”, “Asiyanın səsi”, M.Mirşəkərin “Qızıl qışlaq”, İ.Noneşvilinin “Qonaq gəlin Gürcüstana” əsərlərini ruscadan Azərbaycan dilinə tərcümə edib.
Həyatın çətin sınaqlarından keçən şair təmiz adını və şəxsiyyətini həmişə qorumağa çalışıb. Təbiətindəki keyfiyyət onun yaradıcılığında da diqqəti cəlb edir.
Səndən ayrılanda, dağlar, cavandım,
İndi görüşünə qoca gəlmişəm.
Qayğılar üstümə düşdü – talandım,
Üzümə üz tutub borca gəlmişəm.
Onun kövrək qəlbinin dərinliyindən gələn poetik düşüncələrində bir kədər-hüzn duyulur. Bu hüznü ixtiyarı öz əlində olmayan xalqının taleyi ilə bağlı idi. Qasım Qasımzadəni gənclik illərindən Vətənin müstəqillik və azadlıq problemləri düşündürüb. H.Cavidin azadlıq haraylayan şeirlərini tez-tez dilə gətirib. Türk şairlərindən Ə.Hamid və T.Fikrətin kitablarından söhbət açıb. Hətta Osmanlı ləhcəsində yazdığı bir şeiri çəkinmədən müəlliminə oxuyur. “Marş irəli, ey türk əsgəri!” misraları ilə bitən bu bədii parçanı dinləyən müəllim deyir: “Başını bəlaya salma, yazıqsan!”.
“Ədəbiyyat və incəsənət” qəzetinin redaktoru olduğu vaxtlarda Xəlil Rzanın məşhur “Azadlığı istəmirəm...” şeirini “Afrikanın səsi” adı altında dərc edir. Rəsul Rzanın “Qızılgül olmayaydı” (Mikayıl Müşfiqə həsr olunub) poemasını da qorxmadan “Ədəbiyyat və incəsənət” qəzetində çap edib.
Qasım Qasımzadə “Günəş”, “Neyin əfsanəsi”, “Çərkəz oğlu” əsərlərində xalqının azadlıq arzularından ürəkağrısı ilə söz açıb. Şeirləri və publisistik məqalələri ilə düşmənə layiqli cavablar verib. İnsanları vətən, xalq və azadlıq uğrunda mübarizəyə səsləyib. “Çərkəz oğlu” əsərində çərkəzlə qarşılaşan rus generalı deyir: “Sultan sizi həmişəlik bizə bağışlayıb. Gəlin xoşluqla qılıncınızı yerə qoyun və təslim olun. Bundan hiddətlənən çərkəz oğlu generala deyir: “Çərkəz oğlu nə çara, nə də ki, sultana qul olmaz. Qılıncını da qınına qoymaz. Əgər uçan quşu tuta bilsən, onda məni də tuta bilərsən...”.
Sadəlik, təbiilik və müdriklik mücəssəməsi, şair qəlbli alim, ədəbiyyat vurğunu Qasım Qasımzadə 28 iyul 1993-cü ildə vəfat edib.
Savalan Fərəcov