Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM)  layihəsi ilə böyük Azərbaycan şairi, görkəmli satirik və maarifpərvər ziyalı Mirzə Ələkbər Sabirin (1862-1911) anadan olmasının 160 illiyi münasibətilə “Wikipediya” beynəlxalq elektron ensiklopediyasında özbək dilində bölmə istifadəyə verilib.

 “Mirzo Alakbar Sobir” adlı bölmədə şairin həyatı, yaradıcılığı, ədəbiyyatımıza verdiyi töhfələr, yaratdığı zəngin ədəbi irs və s. məlumatlar yer alıb. Qeyd olunur ki, M.Ə.Sabir Azərbaycan ədəbiyyatı tarixində yeni ədəbi məktəb yaratmış mütəfəkkir, satira ustası və pedaqoqdur.

Bölmədə şairin yaradıcılığına geniş nəzər salınır, habelə onun xatirəsinin əbədiləşdirilməsinin daim Azərbaycan dövlətinin diqqət mərkəzində olduğu vurğulanır. Qeyd olunur ki, bu məqsədlə Azərbaycanın Sabirabad rayonuna dahi şairin adı verilib, Bakıda və doğulduğu Şamaxı şəhərində onun heykəli qoyulub, 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Mirzə Ələkbər Sabirin anadan olmasının 150 illik yubileyi geniş qeyd olunub.

Bölmədə şairin şeirləri, haqqında çap olunmuş kitabların siyahısı da əksini tapıb.

Link: https://uz.wikipedia.org/wiki/Mirzo_Alakbar_Sobir