İCOM Azərbaycan Milli Komitəsinin sədri, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova “BE MUSEUMER” layihəsinin yekun konfransına qatılıb.

Muzeydən bildirilib ki, onlayn formatda keçirilən konfransda muzeylərin əsas problemlərindən biri kimi auditoriyanın genişləndirilməsi mövzusuna diqqət çəkilib, Cənubi Qafqaz regionunda yaradılmış muzey mütəxəssisləri şəbəkəsini saxlamağın mümkün yolları müzakirə olunub.

Şirin Məlikova “Azərbaycan muzeylərində auditoriyanın genişləndirilməsi və əlçatanlıq” mövzusunda çıxış edib.

Müxtəlif ölkələrdən 40-dan artıq mütəxəssisin qatıldığı tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, “BE MUSEUMER” “Creative Europe”nin maliyyə dəstəyi ilə Gürcüstan Muzey Assosiasiyası (GMA), Avropa Muzey Təşkilatları şəbəkəsi (NEMO) və Mədəniyyət İdarəetmə Akademiyası (Niderland) ilə birgə həyata keçirdiyi layihədir. Layihənin məqsədi Cənubi Qafqaz regionunda Avropa təcrübəsinə əsaslanaraq muzey sahəsində inkişafa, mütəxəssislərin peşəkarlığının yüksəldilməsinə nail olmaqdır.