9-12 iyun tarixində İstanbulda V Etnosport Mədəniyyət Festivalı keçirilir. COVİD-19 pandemiyası səbəbindən iki il aradan sonra yenidən təşkil edilən festivalda müxtəlif xalqların etnik mədəniyyətləri nümayiş olunur.
Dünya Etnosport Konfederasiyasının təşkilatçılığı ilə gerçəkləşən festivalda ümumilikdə 27 ölkə iştirak edir.
Ölkəmizi Dövlət Sərhəd Xidmətinin Qarabağ atlarından ibarət süvari dəstəsi və rəqs ansamblı təmsil edir. Azərbaycan heyəti festivalda “Odlar yurdu” kompozisiyası ilə çıxış edib.
Dünya Etnosport Konfederasiyasının rəhbəri Bilal Ərdoğan hər xalqın öz mədəniyyəti ilə tanındığını qeyd edərək əcdadlardan bizə yadigar qalan milli dəyərləri və mədəniyyəti gələcək nəsillərə çatdırmağın vacibliyini vurğulayıb. O, sayca beşinci festivalda ilk dəfə uşaqların da at üstündə yarışlara qatıldığını diqqətə çatdırıb.
İstanbulun Atatürk Hava Limanının (2018-ci ildə yeni İstanbul Hava Limanı istifadəyə verildikdən sonra fəaliyyətini dayandırıb) ərazisində keçirilən festivalın proqramı oxçuluq, yağlı güləş, at yarışları, oxatma da daxil olmaqla 12 ənənəvi idman növünü əhatə edir.
Tədbirdə idman növləri ilə yanaşı iştirakçı ölkələrin milli mətbəxi, geyimləri, adət-ənənələri kimi özünəməxsus xüsusiyyətləri də nümayiş etdirilir.
Azərbaycan kompozisiyasını Türkiyədə səfərdə olan Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, Dünya Etnosport Konfederasiyasının rəhbəri Bilal Ərdoğan, digər rəsmilər və qonaqlar izləyiblər.