Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Rəşid Behbudov adına 2 nömrəli onbirillik Musiqi məktəbi bu il 90 illik yubileyini qeyd edir.
Tədris ocağı əlamətdar yubileyinə və adını daşıdığı böyük sənətkarın xatirəsinə həsr olunmuş konsert proqramını təqdim edib.
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirilən konsertdə məktəbin birləşmiş xor kollektivi, xalq çalğı alətləri orkestri və müxtəlif ixtisaslar üzrə təhsil alan şagirdlər çıxış ediblər.
Proqramda böyük müğənni Rəşid Behbudovun repertuarından mahnılar səslənib. Konsertin sonunda səslənən “Yurdum, yuvam məskənimsən, Azərbaycanım” mahnısını bütün zal coşqu ilə qarşılayıb.
Məktəbin direktoru, Əməkdar mədəniyyət işçisi Qəmər Quliyeva hər kəsə təşəkkürünü bildirərək, Rəşid Behbudov irsinin əbədi yaşamasını və gələcək nəsillərin ondan bəhrələnməsini arzulayıb.