İyunun 11-də Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və orqan musiqisi zalında Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi (MİM) məzunlarının konserti keçirilib.

“Məzunlarımızla fəxr edirik” adlı gecədə Mədəniyyət Nazirliyinin nümayəndələri, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, musiqi və incəsənət məktəblərinin direktorları və digər qonaqlar iştirak edib.

Məzun gününün ideya müəllifi məktəbin tədris işləri üzrə direktor müavini Mənsurə Quliyeva, təşkilatçıları isə musiqişünas Nərgiz Kərimova və rəqs müəllimi Emil Pənahov olub.

Konsertdə məktəbin bütün şöbələri üzrə müxtəlif alətlərin ifaçıları məharətli çıxışları dinləyicilərin böyük alqışları ilə qarşılanıb.

Səhnəyə dəvət olunan hər bir məzun ixtisas müəllimlərinin onlara olan ürək sözlərini videoslayt şəklində təqdim edib. Kövrək anlar yaşayan məzunlar məktəbin müdiriyyətinə və müəllimlərinə dərin minnətdarlıqlarını bildiriblər.

Tədbirdə koxlear implantlı (əməliyyatla daxili qulağa eşitmə cihazının yerləşdirilməsi – red.) uşaqlar qrupu üçün xüsusi şou proqram da təqdim olunub.

Konsertin sonunda MİM-in direktoru, Əməkdar artist, dosent Əziz Qarayusifli Mədəniyyət Nazirliyinə, tədbir iştirakçılarına təşəkkürünü bildirib, məzunlara təbriklərini çatdırıb.

Gecə koxlear implantlı uşaqlar qrupunun (bədii rəhbər – Emil Pənahov) “Yallı” rəqsi ilə yekunlaşıb.