İstanbul və Ankaranın tarixi və müasir mədəniyyət sərvətlərinə canlılıq qatmaq, hər iki şəhərin mədəni irsini dünya vitrininə çıxarmaq məqsədilə həyata keçirilən “Beyoğlu və Paytaxt Mədəniyyət Yolları” layihəsi başa çatıb.
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 28 may – 12 iyun tarixləri arasında keçirilmiş festivalların proqramı “yeddidən yetmişədək” – hər kəs üçün nəzərdə tutulmuş 2 minə yaxın tədbiri əhatə edib.
İyunun 12-də festival çərçivəsində Ankaraya gələn Fransanın performans-sənət qrupu “Les Passajers” Ulus meydanındakı binada 35 metr hündürlükdə çıxış edib. Qeyd edək ki, dünyanın bir çox ölkələrində hündür mərtəbəli tikililərin fasadlarında nəhəng kətanlara rəsmlər çəkən “Les Passagers”, binaları şaquli səhnə kimi istifadə edərək teatr, xoreoqrafik və şəkilli tamaşalar nümayiş etdirir. Qrup bu dəfə 35 metr hündürlükdə rəsm, rəqs və musiqinin harmoniyası ilə Ankarada sənət performansını nümayiş etdirib.
Binanın fasadında festivalın loqosu olan kətana paytaxtın simvolik yerlərini əks etdirən “uçan rəssamlar” daha sonra tamaşaçıların həyəcanlı və maraqlı baxışları altında binadan asılmış kəndirlər üzərində “hava rəqsi” ediblər.
Şoudan sonra mətbuata açıqlama verən qrup üzvü Maqali Brito festival çərçivəsində Ankarada olmaqdan məmnunluq duyduqlarını dilə gətirib.
Mehparə Sultanova
Ankara