Sabirabad RMİ Sabirabad rayon Mədəniyyət Mərkəzində şair-publisist, Yazıçılar və Jurnalistlər birliklərinin üzvü Şahnaz Şahinin Vətən müharibəsində şəhidlik məqamına yüksələn sabirabadlı oğulların əziz xatirəsinə həsr etdiyi “Sabirabad şəhidləri” və 44 günlük II Qarabağ savaşında Qələbəmizlə bağlı yazdığı “Zəfər nəğmələri” kitablarının təqdimatı keçirilib.

Sabirabad Rayon İcra Hakimiyyətinin dəstəyi, RMİ və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə reallaşan tədbirdə icra başçısının birinci müavini Həsən Həsənov, RMİ-nin rəisi Fərid Qurbanzadə, Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu və başqa qonaqlar iştirak edib.

Çıxış edənlər şəhidlərimizin adlarının yaşadılması, gənc nəslin qəhrəmanlarımızın həyatından örnək götürmələri məqsədilə şair-esseist Şahnaz Şahinin bu mövzuda kitab yazmasının nümunəvi addım olduğunu vurğulayıblar. Vətən müharibəsində qazanılan tarixi Qələbəmizin bədii ədəbiyyatda vəsf olunmasının, şəhidlik zirvəsinə ucalan qəhrəmanların kitablar vasitəsilə cəmiyyətdə daha geniş təbliğ olunmasının vacibliyi qeyd olunub.

Müəllif çıxış edərək hər iki kitab haqqında iştirakçılara ətraflı məlumat verib, tədbirin təşkilinə görə minnətdarlığını bildirib. Sonda xatirə şəkilləri çəkdirilib.