İyunun 13-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) və Macarıstanın Azərbaycandakı Səfirliyinin birgə əməkdaşlığı ilə macar musiqisinin klassiki, məşhur bəstəkar, virtuoz pianoçu Ferens Listə (1811-1886) həsr olunmuş tədbir keçirilib.

Tədbirdə BMA ilə Ferens List Musiqi Akademiyası arasında anlaşma memorandumu imzalanıb.

Tədbir çərçivəsində həmçinin F.Listin tanınmış heykəltaraş, Xalq rəssamı Natiq Əliyev tərəfindən hazırlanmış büstünün açılışı olub.

BMA-nın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli bildirib ki, imzalanan memorandum iki ölkə arasında mədəni əlaqələrin inkişafına töhfə olacaq.

Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyi bu cür tədbirlərin iki dost ölkənin münasibətlərinin daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.

Xalq rəssamı Natiq Əliyev müəllifi olduğu büstün BMA-da açılmasını əlamətdar hadisə kimi dəyərləndirib. Bildirib ki, yaxın zamanlarda digər dünya şöhrətli bəstəkarların da, həmçinin ölkəmizin tanınmış bəstəkar və musiqiçilərinin də BMA-da büstləri açılacaq.

Tədbir BMA-nın və Bülbül adına Orta İxtisas Musiqi Məktəbi tələbələrinin ifasında macar bəstəkarının əsərlərindən ibarət konsert proqramı ilə davam edib.