Şuşa Azərbaycanın mədəniyyət paytaxtı, tarixi sənətkarlıq mərkəzi, abidələr şəhəri, musiqi və ədəbiyyat beşiyidir. Ulu öndər Heydər Əliyev Şuşanın Azərbaycan üçün nə dərəcədə əhəmiyyətli olduğunu bu sözlərlə ifadə edib: “...Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir”.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən 2022-ci ilin “Şuşa İli” elan edilməsi ilə əlaqədar Milli Kitabxana müxtəlif layihələr həyata keçirir. Kitabxananın əməkdaşları tərəfindən “Şuşa zərgərlik məmulatları” adlı virtual sərgi hazırlanıb.
XVIII əsrdən başlayaraq Şuşada inkişaf edən sənət sahələrindən biri də zərgərlik olub. XX əsrin əvvəllərində isə bu sənət öz inkişafında ən yüksək zirvəyə çatıb. Həmin dövrdə, Şuşada zərgərliyin qəlibkarlıq üsulu daha geniş yayılmışdı. Şuşa zərgərləri yüksək əyarlı qızıl və gümüşdən müxtəlif məmulatlar hazırlanmasına daha çox üstünlük verirdilər.
Təqdim olunan virtual sərgidə Şuşa sənətkarlarının hazırladığı zərgərlik nümunələri, onların təsnifatı, haqqında məlumatlar, əyani-vizual görüntüləri və qısa tarixi öz əksini tapıb.
Link: http://anl.az/el/vsb/Susa_zergerlik_memulatlari/index.htm