Prezident İlham Əliyev iyunun 14-də tanınmış aktyor, televiziya rejissoru Tofiq İbrahim oğlu Mirzəyevə Azərbaycanın “Xalq artisti” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Tofiq Mirzəyev Azərbaycanın kino sənətinin inkişafında xidmətlərinə görə bu ada layiq görülüb.
Dövlət başçısının eyni gündə imzaladığı digər sərəncamla Tofiq Mirzəyev Azərbaycan kinematoqrafiyasının inkişafında səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.
Qeyd edək ki, iyunun 16-da Tofiq Mirzəyevin 90 yaşı tamam olur.
1932-ci ildə Bakıda anadan olan Tofiq Mirzəyev Azərbaycan Dövlət Konservatoriyasının klarnet sinfini bitirib. Bir müddət maestro Niyazinin rəhbərliyi altında Azərbaycan Dövlət Simfonik Orkestrinin tərkibində çıxış edib. Həmçinin caz musiqiləri ifa edib, Azərbaycanın tanınmış cazmenləri ilə birlikdə qastrol səfərlərində olub.
Sonra yaradıcı həyatını kino və televiziyada davam etdirib. Moskvada Mərkəzi Televiziyanın rejissorluq kurslarını bitirdikdən sonra Azərbaycan Televiziyasında bir sıra musiqili sənədli filmlər çəkib. C.Cabbarlı “adına Azərbaycanfilm” Kinostudiyasında “Uşaqlığın son gecəsi”, “Nəsimi”, “İstintaq”, “Ən vacib müsahibə”, “Üzeyir ömrü” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. Həmçinin “Mosfilm”də, A.Dovjenko adına kinostudiyada (Ukrayna) çəkilib. 1976-cı ildə respublikanın “Əməkdar artisti” fəxri adına layiq görülüb. Ötən əsrin 90-cı illərindən İsraildə yaşayır.