Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və BMT-nin Azərbaycandakı Nümayəndəliyi arasında Dayanıqlı inkişaf üçün 2030-cu il Gündəliyinin icrasında əməkdaşlığa dair birgə bəyannamə imzalanıb.
İyunun 14-də QHT-lərə Dövlət Dəstəyi Agentliyində keçirilən mərasimdə sənədi agentliyin icraçı direktoru Aygün Əliyeva və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva imzalayıblar.
Bəyannaməyə əsasən, agentlik və BMT-nin nümayəndəliyi Dayanıqlı inkişaf üçün 2030-cu il gündəliyinin təşviqi və icrası üçün QHT-lərin səfərbər olunması, regionlarında yerləşən təşkilatların institusional potensialının artırılması, QHT-lərin texniki və maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və digər sahələrdə əməkdaşlıq edəcək. Bundan başqa, tərəflər QHT-lərin ölkədə aparılan bərpa, yenidənqurma və sülh quruculuğu, eləcə də məcburi köçkünlərin münaqişədən sonra Azərbaycanın rayonlarına təhlükəsiz və könüllü qayıdışı təşəbbüslərində iştirakı üçün şəraitin yaradılmasına çalışacaq.
Tədbirdə çıxış edən icraçı direktor Aygün Əliyeva bildirib ki, bəyannamə çərçivəsində QHT Agentliyi və BMT qeyri-hökumət təşkilatlarının hesabatlılığı və şəffaflığının artırılması, Azərbaycanda QHT sektorunu dəstəkləmək üçün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin institusional potensialının gücləndirilməsi istiqamətində birgə fəaliyyət göstərəcək.
BMT ilə Azərbaycan arasında Dayanıqlı inkişaf üzrə əməkdaşlıq Çərçivəsinin icrasında qeyri-hökumət təşkilatlarının önəmli rol oynadığını qeyd edən Vladanka Andreeva imzalanmış bəyannamə sayəsində BMT-nin Azərbaycandakı nümayəndəliyi və QHT Agentliyi arasında yeni tərəfdaşlıq dönəmini başladığını vurğulayıb. O, birgə fəaliyyəti konkretləşdirmək və iş planının hazırlanması üçün hər iki qurumun təmsilçilərindən ibarət işçi qrupu yaradılacağını bildirib.