İyunun 14-də Milli Kitabxanada 15 İyun – Milli Qurtuluş Gününə həsr edilmiş tədbir keçirilib.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov çıxış edərək bildirib ki, bəzi tarixi günlər xalqın gələcəyini müəyyən edən böyük başlanğıcların əsasını qoyur. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyun tarixi də belə günlərdən biridir. Ümummilli lider Heydər Əliyevin həmin tarixdə hakimiyyətə qayıdışı Azərbaycanı böyük bəladan – dövlətçiliyin dağılması və parçalanma təhlükəsindən xilas etdi. Müstəqil Azərbaycan dövləti var olduqca, Heydər Əliyevin əziz xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq.
Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Akif Marifli bildirib ki, Heydər Əliyevin Azərbaycan dövləti, Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri olub. Ümummilli liderin ən böyük xidmətlərindən biri də onun yolunu layiqincə davam etdirəcək lideri yetişdirməsidir. Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqil dövlət kimi dünyada nüfuz qazanıb. Azərbaycan xalqı çox şanslıdır ki, Heydər Əliyev kimi bir ümummilli lideri və İlham Əliyev kimi Prezidenti var.
Tədbir zamanı Milli Kitabxananın Milli Qurtuluş Gününə həsr olunmuş virtual sərgisi təqdim edilib.
Sonda iştirakçılar “15 İyun – Milli Qurtuluş Günü” adlı ənənəvi kitab sərgisi ilə tanış olublar.
Sərgi bu linkdə: http://anl.az/el/vsb/Milli_Qurtulus_Gunu/index.html