“Space” Televiziyasında Milli Qurtuluş Gününə həsr olunan fotosərgi
İyunun 14-də “Space” Televiziyasında Milli Qurtuluş Gününə həsr olunan “Qələbənin imza günü” adlı fotosərgi keçirildi. Tədbirdə Milli Məclisin deputatları, mədəniyyət və incəsənət xadimləri, Vətən müharibəsi iştirakçıları, digər qonaqlar iştirak edirdi.
Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
“Space”in direktoru, Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov tədbiri açaraq bildirdi ki, ulu öndər Heydər Əliyev siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan dövlətçiliyində və tarixində yeni bir dövr başlayıb. Ümummilli liderin Azərbaycanın dövlətçilik tarixində misilsiz xidmətlərindən danışan M.Hətəmov diqqətə çatdırdı ki, ölkəmizdə siyasi sabitlik və inkişaf, respublikamızın dünya birliyinə inteqrasiyası Heydər Əliyevin adı ilə bağlıdır. Natiq onu da qeyd etdi ki, bu gün ümummilli liderin siyasi kursu Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.
Sərgi haqqında danışan direktor dedi ki, məqsəd Azərbaycanın ərazi bütövlüyü, xüsusilə Qarabağ döyüşlərində şücaət göstərmiş əsgər və zabitlərimiz, qazi və şəhidlərimizin qəhrəmanlıqlarını gənc nəsillərə tanıtmaq və sevdirməkdir: “Bu şanlı tarixə şahid olmaq üçün isə bizə 30 il vaxt gərək oldu. 30 ildən sonra Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu, həmçinin bu sərgidə imzası olan şəhid və qazilərimizin iştirakı ilə Qələbəmizi təmin etdik. Milli Qurtuluş Gününə həsr etdiyimiz sərgi qalib xalqın, qalib ordunun sərgisidir”.
2016-cı ilin Aprel döyüşlərinin şəhidi, polkovnik-leytenant Raqif Orucovun həyat yoldaşı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə Qarabağda Azərbaycan bayrağının dalğalanmasının qürurverici və sevindirici olduğunu söylədi, belə tədbirlərin torpaqlarımızın azadlığı uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin gələcək nəsillərə tanıdılmasında böyük rol oynadığını dedi.
Milli Məclisin deputatı Arzu Nağıyev Azərbaycanda şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan danışdı. Vurğuladı ki, bu istiqamətdə işlər davamlı olaraq həyata keçirilir. Sərginin əhəmiyyətini yüksək qiymətləndirən millət vəkili bildirdi ki, bu həm də cəsur şəhid və qazilərimizin Qarabağda qoyduqları izi, yazdıqları qəhrəmanlıqları təbliğ etməkdir.
Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan tədbirin əhəmiyyətindən danışdı, qəhrəman şəhidlərin ruhuna ehtiramını ifadə etdi, qazilərimizə şəfa dilədi.
Xalq artisti Mənsum İbrahimov dedi ki, bu gün Qarabağda silah səsi yox, muğam sədası eşidilir.
II Qarabağ müharibəsi iştirakçıları da döyüş təəssüratlarını bölüşdülər. Döyüş yoldaşlarının mübarizliyini əks etdirən belə tədbirlərin təşkilini əhəmiyyətini vurğuladılar.
Sonda tədbir iştirakçıları sərgiyə baxdılar. Sərgidə Tərtərin Suqovuşan qəsəbəsi və Şuşanın azad olunması zamanı şəhid və qazilərimizin həmin yaşayış məntəqələrində divarlarda əks etdirdikləri yazılar və avtoqrafların fotoları nümayiş olunurdu.
Savalan Fərəcov