9-12 iyun tarixində Parisdə “Revelations” (“revelation” – vəhy, ilham) Beynəlxalq Sənətkarlıq və Yaradıcılıq Biennalesi (İnternational Biennial of Crafts and Creation) keçirilib.
Eyfel qülləsinin qarşısında məşhur “Grand Palais Ephemere”də 33 ölkədən 500-dən çox iştirakçını bir araya gətirən sayca 5-ci biennaledə ilk dəfə Azərbaycan da təmsil olunub. Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunmuş Azərbaycan stendində Elvin Nəbizadənin fenomenal “Gündüz və gecə” əsəri nümayiş etdirilib.
“Revelations” biennalesinin və Fransa İncəsənət Atelyesi Federasiyasının prezidenti Od Taon (Aude Tahon) layihədə Azərbaycanın iştirakından şad olduqlarını bildirib. O qeyd edib ki, “Revelations” Beynəlxalq Biennalesinin əsas məqsədi bədii yaradıcılıq sahəsində istedadların aşkarlanması və tanıdılmasıdır. O, Fransa İncəsənət Atelyesi Federasiyası tərəfindən təşkil olunan dekorativ sənətə dair digər salonlar haqqında məlumat verərək, Azərbaycanı bu salonlarda da görmək arzusunu ifadə edib. “İncəsənət peşələri bu narahat dünyada yaxşı bələdçidir. Tam optimist, davamlı həyat və yaradıcılıq məkanları kimi bu peşələr ümid, təxəyyül və şənlik daşıyıcılarıdır” deyən O.Taon belə yaradıcılıq və sənətkarlıq salonlarının beynəlxalq incəsənət dialoqu məkanı olduğunu vurğulayıb.
Bildirib ki, Azərbaycan stendində nümayiş etdirilən “Gündüz və gecə” əsərinin hələ şəklini görəndə heyran olub: “Bu əsər salonumuzu şərəfləndirir. Əminəm ki, ziyarətçilər bu əsər vasitəsilə Azərbaycanı daha dərindən kəşf edəcəklər”.
Heykəltəraş Elvin Nəbizadə biennaledə iştirak etməkdən şərəf duyduğunu bildirib. “Müasir dünyada mövcud təlatümlər və mürəkkəb hadisələr, eləcə də pandemiya yaradıcı insanlarda sənət ruhunu müəyyən dərəcədə zəiflədib. Təşəbbüsü və dəstəyi ilə yaradıcı ruhumu canlandırdığı, belə möhtəşəm biennaledə iştirak etməyimə imkan yaratdığı üçün Heydər Əliyev Fonduna, onun rəhbərliyinə dərin təşəkkürümü bildirirəm”, - deyə E.Nabizadə qeyd edib.
Əsəri haqqında məlumat verən müəllif “Gündüz və gecə” instalyasiyasının ikili xarakter daşıdığını vurğulayıb. Bildirib ki, ziyarətçilər instalyasiyanın ətrafında dolaşaraq, əsərin bir hissəsinə çevrilərək onu daha dərindən hiss edəcəklər.
“Gündüz və gecə” instalyasiyası müasir dövrdə vacib problemlərdən olan təbiətin və ətraf mühitin çirklənməsi, plastik tullantılarla mübarizə məsələsinə diqqəti cəlb edir.