Özbəkistanın paytaxtı Daşkənddə “Azərbaycan mətbəxi günü” keçirilib. Tədbir Daşkənddə fəaliyyət göstərən “Yeməli” Azərbaycan restoranının təşkilatçılığı, ölkəmizin qida istehsalçısı “Azərsun Holdinq” və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) dəstəyi ilə reallaşıb.
“Azərbaycan mətbəxi günü”ndə yerli iş adamları, media mənsubları, azərbaycanlılar iştirak ediblər.
“Yeməli” restoranın direktoru Elgün Əliyev və digər çıxışçılar Azərbaycan mətbəxinin ölkənin mədəniyyəti və təbiəti kimi zəngin, rəngarəng olduğunu qeyd ediblər.
“Azərbaycan mətbəxi günü”ndə plov və dolmanın növləri, habelə çığırtma, qutab, milli şirniyyatlar – şəkərbura, paxlava, qoğal tədbir iştirakçılarına təqdim edilib, müxtəlif yeməklərin hazırlanması üzrə ustad dərsləri təşkil olunub.
Tədbirdə AMM tərəfindən Azərbaycan mədəniyyətinə, mətbəxinə aid xüsusi guşə hazırlanıb, milli musiqi alətlərimiz, suvenirlərimiz, nəşrlər sərgilənib. “Azərsun Holdinq” şirkəti tərəfindən milli istehsal olan ərzaq, çaylar və içkilər təqdim edilib.
AMM-in nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblının, musiqiçilərin çıxışları da tədbirə rəng qatıb.