İyunun 14-də Beynəlxalq Muğam Mərkəzi (BMM) ilə Macarıstanın Azərbaycandakı Səfirliyi arasında mədəni əməkdaşlıq haqqında memorandum imzalanıb.

BMM-in direktoru, Xalq artisti Murad Hüseynov səfirə mərkəzin fəaliyyəti haqqında məlumat verib. Ötən ilin sonunda BMM ilə Macarıstanın Mədəni İrs Evi arasında birgə əməkdaşlıq haqqında memorandum imzalandığını xatırladan M.Hüseynov deyib ki, bu bir daha mərkəzin öz fəaliyyətində beynəlxalq əlaqələrə önəm verməsinin nümunəsidir.

Direktor həmçinin bu illər ərzində macar musiqiçilərin dəfələrlə BMM-in səhnəsində çıxış etdiklərini diqqətə çatdırıb. Bildirib ki, 2019-cu ilin noyabrında keçirilən “Macar musiqi axşamları” adı ilə “Cantores Esslesiae” nəfəsli alətlər qrupu, müğənni Magyar Borin və instrumental ifaçı Csurkulya Jozefin ifasında macar xalq musiqisi nümunələri böyük maraqla qarşılanmışdı. Həmçinin bir neçə il əvvəl “Bakıda Macarıstan günləri” çərçivəsində BMM-də professor Janoş Şipoş iki ölkənin xalq musiqilərinin bənzərlikləri barədə mühazirə oxumuş, tanınmış ifaçı Salonna və onun qrupu maraqlı konsert proqramı ilə çıxış etmişdi. Bu il isə Beynəlxalq Muğam Mərkəzində Azərbaycan və Macarıstan respublikaları arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə təşkil edilən tədbir xüsusi önəm kəsb edir.

BMM-in rəhbəri memorandumun iki ölkə arasında mədəni əlaqələrin genişlənməsinə, hər iki mədəniyyətin qarşılıqlı təbliğinə, həmçinin muğam sənətinin və bütövlükdə Azərbaycan musiqisinin daha geniş məkanda tanıdılmasına töhfə verəcək.

Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyi öz növbəsində memorandumu yüksək dəyərləndirərək birgə mədəniyyət layihələrinin, konsertlərin keçirilməsinin ölkələrin mədəniyyətinin təbliği baxımından vacibliyini qeyd edib. Diqqətə çatdırıb ki, BMM-də imzalanan mədəni əməkdaşlıq memorandumu səfirliyin tarixində ilk mədəni hadisədir.

Sonra memorandum imzalanıb. Sənədi BMM-in direktoru, Xalq artisti Murad Hüseynov və Macarıstanın ölkəmizdəki səfiri Viktor Sederkenyi imzalayıblar.