Azərbaycanda elektron musiqinin öncülü hesab olunan “Solong” layihəsi ənənə və məramına sadiq qalaraq bu dəfə Qobustanda yeni tədbirə hazırlaşır.
İyunun 18-də Qobustan Dövlət Bədii-Tarixi Qoruğunda etnik və proqressiv musiqi tezliyində xarici və yerli DJ-lər çıxış edəcəklər.
Qeyd etmək lazımdır ki, zövqləri oxşayacaq bu gecəyə hazırlıq zamanı “Solong” layihəsinin əməkdaşları bir həftəyə yaxın qayaların vizuallaşdırılması, işıqlandırılması işləri ilə məşğul olublar. Bu isə o deməkdir ki, elektron musiqi həvəskarları qeyri-adi işıq şousunun şahidi olacaqlar. Şouda tarix və müasirliyin sintezi bir arada təqdim olunacaq.
Tədbirin xüsusi xarici qonaqları İsraildən Sahar Zangilevitch və Türkiyədən Murat Uncuoğlu, yerli DJ-ləri isə Elcheen, U-Who və Maya Aziz olacaqlar.
“Back to origin” (Mənşəyə qayıt”) adı ilə təqdim olunan layihə “Solong”un “Coca-Cola” ilə birgə əməkdaşlığı çərçivəsində baş tutacaq. Tədbirin xüsusi konseptdə hazırlanmasının məqsədi ölkənin mədəni irsini beynəlxalq arenada yüksək səviyyədə təbliğ etməkdir.