Şuşa Bəyannaməsinin ildönümünə həsr olunan beynəlxalq konfrans keçirilib

 

İyunun 15-də Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə Şuşada “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda hər iki ölkənin dövlət və hökumət rəsmiləri, siyasilər, millət vəkilləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, hər iki ölkənin ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Şuşa Bəyannaməsinin birinci ildönümü ilə bağlı videoçarx nümayiş olunub.

Azərbaycan Respublikası Prezidenti Administrasiyası Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub.

Müraciətdə vurğulanır ki, bir il əvvəl – 2021-ci il iyunun 15-də Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması ilə dost, qardaş və strateji tərəfdaş olan ölkələrimiz arasında əlaqələr keyfiyyətcə yeni mərhələyə yüksəlib. Şuşa Bəyannaməsi çoxşaxəli münasibətlərimizin ən yüksək zirvədə olduğunu göstərən mühüm sənəddir.

Qeyd olunur ki, Qars müqaviləsindən (1921) 100 il sonra imzalanmış Şuşa Bəyannaməsi ortaq tariximizə əsaslanmaqla yanaşı, müasir reallıqları əks etdirir, ölkələrimiz arasında mövcud və gələcək işbirliyinin strateji istiqamətlərini müəyyənləşdirir, Azərbaycanın və Türkiyənin milli gücünün artmasını, dünyada söz və nüfuz sahibi kimi mövqeyinin daha da möhkəmlənməsini şərtləndirir.

Konfrans çərçivəsində panel müzakirələr aparılıb.

Birinci panel müzakirəsində Yeni Azərbaycan Partiyası sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Türkiyə Milliyyətçi Hərəkat Partiyasının baş katibi İsmət Böyükataman, Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin xarici əlaqələr üzrə müavini Efkan Ala və AKP  sədrinin birinci müavini, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım çıxış ediblər.

Tahir Budaqov bildirib ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada, Azərbaycan xalqının taleyində müstəsna rol oynayan 15 İyun – Milli Qurtuluş Günündə iki qardaş ölkə arasında müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsinin imzalanmasının birinci ildönümünü qeyd etmək sonsuz qürur və iftixar hissi yaradır. Vurğulanıb ki, bugünkü reallıqlar ümummilli lider Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir” və böyük öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamlarının real həyatda öz təsdiqini tapmasını əks etdirir.

Prezident İlham Əliyevin “İkinci Qarabağ savaşı bizim müştərək, ortaq şanlı tariximizdir. Savaşın son dəqiqəsinə qədər – Şuşa şəhərində bayrağımız ucalana qədər Türkiyə bizim arxamızda idi, bizə arxa idi, dayaq idi və Azərbaycan xalqı heç vaxt bu qardaşlığı unutmayacaq” sözlərini xatırladan T.Budaqov qeyd edib ki, istər otuz ilə yaxın müddət ərzində davam edən münaqişə dövründə, istər 44 günlük Vətən müharibəsi zamanı, istərsə də postmüharibə mərhələsində qardaş Türkiyənin Azərbaycanın yanında olması ölkələrimizin tarixin taleyüklü məqamlarında çətin və mürəkkəb sınaqlardan əzm və ləyaqətlə çıxdıqlarını təsdiqləyir.

İsmət Böyükataman çıxışında bildirib ki, Şuşa Bəyannaməsinin imzalanması, nəinki Türkiyə və Azərbaycan arasında davam edən sıx tərəfdaşlığın artırılması, həmçinin regionda və Türk dünyasında yeni əlaqələrin qurulmasını hədəfləyir.

Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bir il öncə bugünkü tarixdə Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhərində Şuşa Bəyannaməsinin imzalandığını, bu tarixi sənədin Azərbaycan–Türkiyə qardaşlığının həm siyasi, iqtisadi, hərbi, həm də mənəvi simvolu olduğunu bildirib. Şuşa Bəyannaməsi eyni zamanda ölkəmizin ərazi bütövlüyünün toxunulmazlığına böyük mənəvi-siyasi dəstəyin ifadəsidir.

Binəli Yıldırım da çıxışında Şuşa Bəyannaməsinin əhəmiyyətindən bəhs edərək bildirib ki, bu, eyni zamanda Türk dünyasında birlikdə iş görmənin önünü açan genişmiqyaslı bir sənəddir.

***

İkinci panel müzakirəsində Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçi, Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov, Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, Azərbaycanın mədəniyyət naziri Anar Kərimov, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Bursa Uludağ Universitetinin professoru, Siyasi, İqtisadi, İctimai Tədqiqatlar Vəqfinin elmi araşdırmaçısı Ferhat Pirinççi çıxış ediblər.

Mehmet Nuri Ersoy Azərbaycanın mədəniyyət paytaxtı Şuşadan regiona və dünyaya verilən mesajların çox vacib olduğuna inamını bildirib, Azərbaycan Prezidenti İlham Əliyevin liderliyində azadlığa qovuşan Qarabağı yenidən dirçəldən işlərin yaxından izlənildiyini qeyd edib. O, 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı seçilən Şuşada gerçəkləşdiriləcək bərpa işləri də daxil olmaqla hər cür fəaliyyətdə dəstək və kömək göstərməyə hazır olduqlarını diqqətə çatdırıb. Türkiyəli nazirin sözlərinə görə, regionda bərpa işlərinin reallaşdırılması turizm potensialı və imkanlarını da genişləndirəcək.

Azərbaycanın mədəniyyət naziri Anar Kərimov çıxışında işğaldan azad edilən ərazilərdə mədəni irsin yenidən bərqərar olunmasında dövlətimiz tərəfindən sistemli tədbirlərin həyata keçirildiyini, bu prosesdə qardaş Türkiyənin də dəstək göstərdiyini diqqətə çatdırıb. Qeyd edib ki, Şuşa şəhərinin 2023-cü il üçün “Türk Dünyasının Mədəniyyət Paytaxtı” seçilməsi də türk xalqlarının qədim şəhərimizə verdiyi dəyərin ifadəsidir.

Azərbaycanla Türkiyənin  mədəniyyətin müxtəlif istiqamətlərində fəal əməkdaşlığını qeyd edən nazir bu işbirliyinin kino sahəsini də əhatə etdiyini, Vətən müharibəsi ilə bağlı müştərək çoxseriyalı film layihəsi üzərində işə başlanıldığını deyib. Digər tədbir və layihələr haqqında söz açan A.Kərimov iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə əminliyini vurğulayıb.

Fuad Nağıyev Azərbaycan və Türkiyə arasında turizm sahəsində əməkdaşlıqdan, azad olunmuş ərazilərdə turizm infrastrukturunun qurulmasında türkiyəli mütəxəssislərlə işbirliyindən bəhs edib.

Professor Ferhat Pirinççi Şuşa Bəyannaməsinin regional önəmini vurğulayaraq qeyd edib ki, sülhün alternativi yoxdur. Ermənistan bunu anlamalı, regional əməkdaşlıqdan özünü təcrid etməməlidir.

***

Üçüncü panel müzakirəsində Türkiyənin xarici işlər nazirinin müavini Yavuz Selim Kıran, Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov, Türkiyənin milli müdafiə nazirinin müavini Muhsin Dere, Azərbaycanın müdafiə nazirinin müavini, Quru qoşunlarının komandanı, general-leytenant Ənvər Əfəndiyev, Baxçaşəhər Universitetinin müəllimi, terrorizm və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar və Milli Məclisin üzvü Ramil Həsən çıxış ediblər.

Yavuz Selim Kıran qeyd edib ki, ötən il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə qaldırılan əlaqələrimizi formalaşdıran bu iradə bundan sonra da davam edəcək.

Xələf Xələfov çıxışında vurğulayıb ki, Şuşa böyük Zəfərimizin rəmzidir. Nazir müavini Şuşa Bəyannaməsinin hər iki dövlətin gələcəyi üçün önəmindən bəhs edib.

Sonda konfrans iştirakçıları xatirə şəkli çəkdiriblər.