Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu keçirilir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həlli ilə əlaqədar müvafiq addımlar atılır.

2022-ci ilin iyun ayı üzrə şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov iyunun 16-da Beyləqan rayon Heydər Əliyev Mərkəzində Beyləqan, Füzuli və Xocavənd rayonlarının sakinləri ilə görüşüb.

Qəbuldan öncə mədəniyyət naziri Anar Kərimov və Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Nazir Anar Kərimov 2012-ci ildə rəsmi açılışı olan Beyləqan rayon Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olub, ulu öndərin həyatının və dövlətçilik fəaliyyətinin fərqli dövrlərini əks etdirən materiallara, tarixi sənədlərə, müxtəlif illərdə Beyləqana səfərləri ilə bağlı fotolara baxıb. Nazirə məlumat verilib ki, mərkəzdə rəsm studiyası, internet otağı, xarici dil kursu, həmçinin akt, konfrans və ekspozisiya zalları mövcuddur.

Daha sonra Heydər Əliyev Mərkəzində nazirliyin məsul əməkdaşlarının da iştirakı ilə vətəndaşların qəbulu keçirilib.

Beyləqan, Füzuli və Xocavənd rayonlarından olan sakinlərin müraciətləri əsasən işlə təmin olunma, kitabxana sahəsində fəaliyyətin təkmilləşdirilməsi, kitab nəşrinə köməklik göstərilməsi, iş yerinin dəyişdirilməsi və digər məsələləri əhatə edib.

Anar Kərimov vətəndaşların ayrı-ayrı məsələlərlə bağlı müraciət və təkliflərini dinləyib, ərizə və şikayətlərinə baxıb. Qaldırılan məsələlərin operativ, hərtərəfli araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

***

Qəbuldan sonra nazir Beyləqan rayonunda tarixi abidəyə və bir sıra mədəniyyət müəssisələrinə baş çəkib.

Nazir Beyləqan şəhidlərinin uyuduğu məzarlığı ziyarət edib, 44 günlük Vətən müharibəsində canından keçən qəhrəman oğulların xatirəsinə ehtiramını bildirib. Sonra həmin ərazidəki yerli əhəmiyyətli tarixi abidə – Cərcis peyğəmbər ziyarətgahına (XVI əsr) baş çəkib. Abidənin tarixi və memarlığı barədə nazirə məlumat verilib.

Anar Kərimov Beyləqan şəhər Niyazi adına Uşaq musiqi məktəbində Mədəniyyət Nazirliyinin vəsaiti hesabına aparılan əsaslı təmir işləri ilə tanış olub. Nazir işlərin vaxtında, keyfiyyətlə həyata keçirilməsi barədə müvafiq tapşırıq və tövsiyələrini verib.

Bildirilib ki, musiqi məktəbi 1968-ci ildə yaradılıb. 1984-cü ildən fəaliyyətini öz binasında davam etdirən məktəbdə tar, kamança, qarmon, nağara, fortepiano və xanəndəlik sinifləri mövcuddur. 282 şagirdin təhsil aldığı məktəbdə 67 müəllim çalışır.

Mədəniyyət naziri 2019-cu ildə əsaslı şəkildə yenidən qurulan Beyləqan Tarix-Diyarşünaslıq Muzeyinə də baxış keçirib. Bildirilib ki, 1981-ci ildə yaradılan muzeydə 6139 eksponat mühafizə edilir. Həm ölkəmizin, həm də Beyləqanın tarixini əks etdirən eksponatların toplandığı muzeydə ekspozisiya zalı, iki xidməti otaq, bir fond otağı, konfrans zalı, dəyirmi masa zalı və bir texniki otaq mövcuddur.

Səfər çərçivəsində Anar Kərimov əsası 1946-cı ildə qoyulan və 400 min nüsxəyə yaxın kitab fondu olan Beyləqan rayon Mərkəzi Kitabxanasına, 1939-cu ildə Beyləqan şəhərində əvvəlcə klub kimi yaradılan və 2015-ci ildən mədəniyyət mərkəzi olaraq fəaliyyətini davam etdirən rayon Mədəniyyət Mərkəzinə də baxış keçirib, müəssisələrin fəaliyyəti barədə məlumat alıb.

Beyləqanda mədəniyyət müəssisələri ilə tanışlıqdan sonra nazir Anar Kərimov rayon Mədəniyyət Mərkəzində “Aran qala” xalq çalğı alətləri ansamblı, Kürdəmir, Beyləqan və Füzuli rayon uşaq musiqi və incəsənət məktəbləri xor kollektivlərinin ifasında konsert proqramını izləyib.