Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Bakıdakı Rus Evində konsert proqramı təqdim edilib. 12 iyun – Rusiya Gününə həsr olunan tədbirdə Rusiya Coğrafiya Cəmiyyətinin “Ən gözəl ölkə” sərgisi də nümayiş olunub.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) ilə birgə təqdim olunan konsert proqramı Azərbaycanın və Rusiyanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov açılış nitqi ilə çıxış edib.

Konsertin təşkilatçısı və aparıcısı – BMA-nın baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alyona İnyakina eyni zamanda proqramda yer alan bir sıra əsərləri ifa edib.

Musiqili gecədə tamaşaçılar Azərbaycan, rus və xarici bəstəkarların klassik və estrada əsərlərini dinləyiblər. Proqramda T.Quliyevin “Bakı haqqında mahnı” və “Sevgi valsı” mahnıları, Mixail Qlinkanın “Lark” əsəri, Pyotr Çaykovskinin “Благословляю вас, леса”, Sergey Raxmaninovun “Полюбила я” romansları, Aleksandr Borodinin "Knyaz İqor" operasından İqorun ariyası, Pyotr Çaykovskinin "İolanta" operasından İolantanın ariozosu, Aleksandra Paxmutovanın “Нежность” və “Надежда” mahnıları, Ennio Morikkonenin "Cinema di Paradiso" filmindən sevgi mövzusu, Olafür Arnaldsın "Saman" kompozisiyası səsləndirilib.

Konsertin sonunda Rus Evinin rəhbəri İrek Zinnurov musiqiçilərə diplomlar təqdim edib.