Azərbaycan Dövlət Tərcümə Mərkəzinin (ADTM) yeni nəşri – Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasının yeni filoloji tərcüməsi Milli Kitabxanada ictimaiyyətə təqdim olunub.
Dahi Azərbaycan şairinin “Xəmsə”sindən ikinci poema olan “Xosrov və Şirin”in yeni tərcüməsi 2021-ci ildə – “Nizami Gəncəvi İli” münasibətilə həyata keçirilib. Əsərin fars dilindən sətri tərcümə müəllifi ADTM-in fars dili üzrə mütəxəssisi Əli Şükrü, filoloji tərcüməsinin müəllifi isə tanınmış yazıçı-tərcüməçi Etimad Başkeçiddir.
Milli Kitabxananın direktoru Kərim Tahirov tədbiri açaraq Azərbaycan ədəbiyyatının dünyada, dünya ədəbiyyatının Azərbaycanda tanıdılması, eləcə də mədəni irsimiz haqqında bilgilərin ölkəmizin hüdudlarından daha geniş yayılması istiqamətində Dövlət Tərcümə Mərkəzində görülən işlərin əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, bu mənada Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasının yeni tərcüməsi və nəşri ən uğurlu layihələrdən biridir. Ölkəmizdə nizamişünaslığın inkişafı, böyük şairin əsərlərinin günümüzün tələbləri səviyyəsində şərhi və öyrənilməsi baxımından bu tərcümə mətni dəyərli vəsaitdir. Kərim Tahirov Nizaminin digər əsərlərinin də filoloji tərcüməsinin vacibliyini vurğulayıb.
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları, filologiya elmləri doktorları, nizamişünas alimlər Zəhra Allahverdiyeva və Təhminə Bədəlova “Xosrov və Şirin” poemasının filoloji tərcüməsi və nəşrini əhəmiyyətli təşəbbüs kimi qiymətləndirərək, tərcümənin özəllikləri, orijinaldakı dini anlayışların, tarixi kontekstin verilməsi, onların ifadə tərzləri haqqında qeyd və mülahizələrini bölüşüblər.
Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı İlqar Fəhmi bildirib ki, Nizami kimi bir dahinin əsərini tərcümə etməyə girişmək və bunun öhdəsindən layiqincə gəlmək asan məsələ deyil. O, tərcümə mətnindəki ayrı-ayrı məqamlara diqqət çəkərək bildirib ki, əsrlər öncə yazılsa da, bütün zamanlar üçün müasir və aktual əhəmiyyət kəsb edən əsərin maraqla mütaliə edilməsini əngəlləyən xüsusların zaman-zaman yenidən gözdən keçirilməsinə ehtiyac duyulur.
“Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, filologiya elmləri doktorları, professorlar Bədirxan Əhmədli, Cavanşir Yusifli tərcüməçilərin əməyini yüksək qiymətləndiriblər.
Sonda Etimad Başkeçid səsləndirilən fikirlərlə bağlı mülahizələrini qeyd edib və çıxışçılara, bütün tədbir iştirakçılarına təşəkkürünü bildirib.