“Şuşa İli” elan olunan 2022-ci ildə görkəmli şairə, xan qızı Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyi də tamam olur. Azərbaycan Prezidentinin müvafiq sərəncamına əsasən, Xurşidbanu Natəvanın yubileyi münasibətilə Mədəniyyət Nazirliyi tərəfindən tədbirlər planı həyata keçirilir. Bakı Bələdiyyə Teatrının hazırladığı “Xan qızı” tamaşası da yubiley tədbirlərinin bir hissəsidir.
İyunun 14-də Bakı Bələdiyyə Teatrı Xalq yazıcısı İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesi əsasında səhnələşdirilən tamaşanın premyerasını keçirdi.
Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində nümayiş olunan tamaşa, eyni zamanda Bakı Bələdiyyə Teatrının qurucusu, Xalq artisti Amaliya Pənahovanın (1945-2018) xatirəsinə həsr olunub. İyunun 15-də unudulmaz aktrisanın anadan olmasının 77-ci ildönümü idi.
İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesi tarixi mövzuda yazılan, müasir həyatımızla səsləşən ən qiymətli əsərlərdən biridir. Pyesdə sonuncu Qarabağ xanının qızı Natəvan həm ictimai xadim kimi, həm də elinə-obasına bağlı şairə kimi təqdim edilib.
Xatırladaq ki, rejissor Mərahim Fərzəlibəyovun 1981-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində hazırladığı eyniadlı tamaşada Natəvan obrazını Amaliya Pənahova yaratmışdı. 80-ci illərdə aktrisa Şuşa şəhərində keçirilən Natəvan poeziya günlərində də iştirak etmişdi və xalqın yaddaşında bu günə qədər Xurşidbanu Natəvan obrazında canlanır.
Bakı Bələdiyyə Teatrında hazırlanan tamaşanın yeni quruluş müəllifi də Xalq artisti Mərahim Fərzəlibəyovdur. Yeni quruluşda Natəvanın həyatından dramatik səhnələr yer alıb. Eyni zamanda tamaşada şairənin şerlərinə də geniş yer verilib. Rolları Ülviyyə Rza, Tural Əhməd, İsmayıl Atakişiyev, Rafiq İbrahimov, Toğrul Rza, Əhməd Salahov, Mehman Abdullayev, Zülfiyyə Qurbanova və başqaları ifa edirlər.