Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) tərəfindən bu il də ənənəvi olaraq 18 may – 18 iyun tarixlərində ölkəmizdə “İnsan hüquqları aylığı” elan edilmişdi. Aylıq çərçivəsində bölgələrdə fəaliyyət göstərən mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilib.

Şəki RMİ Balakən rayon MKS-nin şəhər kitabxana filialı Nəsimi adına şəhər orta məktəbinin şagirdləri ilə 18 iyun – ölkəmizdə insan hüquqları günü ilə əlaqədar tədbir keçirib. Tədbirdə Azərbaycanın insan hüquqlarına dair qoşulduğu beynəlxalq konvensiyalardan, insan hüquqlarının Azərbaycan dövlətinin prioritet məsələsi olmasından, ombudsman institutunun fəaliyyətindən geniş söhbət açılıb.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

***

Gəncə RMİ-nin əhatə etdiyi Samux rayon MKS-nin Mərkəzi Kitabxanasında Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) Samux nümayəndəliyinin iştirakı ilə “İnsan hüquqları” adlı dəyirmi masa keçirilib. MKS-nin direktoru Telli Nəsibova Azərbaycanda insan hüquqlarının təmin edilməsinin dövlətin ali məqsədi olduğunu vurğulayıb. Samux GİKM-in direktoru Kamil Məmişov da ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının təminatı məsələlərindən söz açıb.

***

Lənkəran RMİ Lənkəran şəhər Heydər Əliyev Mərkəzində “İnsan hüquq və аzаdlıqlаrının müdafiəsi dövlətin ali məqsədidir” mövzusunda tədbir keçirilib. Tədbir RMİ, Heydər Əliyev Mərkəzi və ombudsmanın Cəlilabad regional mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

RMİ-nin rəisi Şahin Şahbazov, ombudsmanın Cəlilabad regional mərkəzinin rəhbəri Ziya İsmayılov, Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova çıxış edərək ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsi, onların müdafiəsi və daha da genişləndirilməsi sahəsində dövlətin rolundan danışıblar. Mövzu ilə bağlı fəal gənclər də öz fikirlərini bölüşüblər.

***

Xaçmaz RMİ Quba rayon MKS-nin Mərkəzi Kitabxanası və Azərbaycan ombudsmanın Quba regional mərkəzinin birgə təşkilatçılığı ilə “İnsan hüquqları aylığı” çərçivəsində Milli Qurtuluş Günü ilə əlaqədar “Qurtuluşdan Zəfərə” adlı tədbir keçirilib. MKS-nin direktoru Saməddin Nəsirov tədbiri açaraq bildirib ki, 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu.

Ombudsmanın Quba regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev qeyd edib ki, Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ölkədə hüquqi dövlət quruculuğu sahəsində ardıcıl, sistemli və gələcəyə hesablanan islahatlara start verilib.

Sonra Mərkəzi Kitabxananın Oxuculara xidmət şöbəsinin müdiri Mehriban Gəbəybəyovanın “Qurtuluşdan Zəfərə” mövzusunda məruzəsi dinlənilib. Tədbir iştirakçıları “15 İyun Milli Qurtuluş Günüdür” başlıqlı sərgiyə baxıblar.