Ağdaş RMİ-nin əhatə etdiyi Göyçay rayon MKS-də istiqlal şairi, himnimizin sözlərinin müəllifi Əhməd Cavadın (1892-1937) 130 illik yubileyinə həsr olunmuş “Qəlbi Vətən olan şair” adlı tədbir keçirilib.
Dövlət himnimiz səsləndirildikdən sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin aparıcısı Səlmi Şıxalıyeva çıxış edərək Əhməd Cavadın həyat və yaradıcılığı haqqında məlumat verib. Repressiya qurbanı olan şairin Azərbaycan ədəbiyyatının inkişafına verdiyi töhfələrdən danışıb.
Mərkəzi Kitabxananın əməkdaşları Nərminə Qəhrəmanova və Güllü Paşayeva Əhməd Cavad irsinə dövlət qayğısından, şairin həyat yoldaşı Şükriyyə xanım haqqında, onun sürgündə olarkən keçirdiyi məşəqqətli həyat tərzindən, istiqlal mücahidinin şərəf və ləyaqətini qoruyan fədakar xanım olduğundan söhbət açıblar.
Yalman kənd kitabxanasının əməkdaşı Arifə Novruzəliyeva Üzeyir Hacıbəylinin Ə.Cavadın sözlərinə bəstələdiyi “Çırpınırdın, Qara dəniz”, “Gəncədən gəlirəm” adlı mahnılarını ifa edib. 1 saylı orta məktəbin şagirdləri Əhməd Cavadın “Göygöl”, “Dan Ulduzu”, “Marş” adlı şeirləri ilə çıxış ediblər. Sonda Mərkəzi Kitabxananın direktoru Nərmin Xəlilova tədbir iştirakçılarına və tədbirin hazırlanmasında əməyi olan bütün işçilərə öz təşəkkürünü bildirib.
***
Ağdaş RMİ-nin tabeliyində fəaliyyət göstərən Ağdaş şəhər Habil Əliyev adına 1 nömrəli Musiqi məktəbində isə dünya şöhrətli bəstəkar, SSRİ Xalq artisti, dövlət mükafatları laureatı Fikrət Əmirovun (1922-1984) 100 illiyinə həsr olunmuş “Əsrə bərabər ömür” adlı konsert proqramı keçirilib.
RMİ-nin rəisi Səxavət Məmmədov, idarə aparatının əməkdaşları, müəssisə rəhbərləri, musiqi məktəbinin müəllim və şagird kollektivi və digər qonaqlar konserti izləyiblər.
Məktəbin direktoru Rafiq İsgəndərov açılış nitqində bildirib ki, Fikrət Əmirov Azərbaycanın musiqi mədəniyyətinə “Sevil” operası, “1001 gecə” baleti, “Şur”, “Gülüstan-Bayatı Şiraz”, “Kürd ovşarı” simfonik muğamlarını, “Azərbaycan kapriççiosu” və s. qiymətli əsərlər bəxş edib.
Sonra məktəbin müəllim və şagirdlərinin ifasında bəstəkarın əsərlərindən ibarət musiqi nömrələri təqdim olunub. Konsert proqramı Fikrət Əmirovun “Qarabağ inciləri” adlı kompozisiyası ilə sona çatıb.