Əlişir Nəvai - 570
   
   Böyük özbək şairi və mütəffəkiri, dövlət xadimi Nizaməddin Mir Əlişir Nəvai Teymurilər sarayına yaxın zadəgan ailəsində 1441-ci il fevral ayının 9-da Heratda (indiki Əfqanıstan ərazisi) anadan olub. Təhsilini Herat, Məşhəd və Səmərqənd şəhərlərində alıb. Kiçik yaşlarından özbək və fars dillərində şeirlər yazıb, 15 yaşında şair kimi şöhrətlənib. 1468-ci ildə məktəb yoldaşı Hüseyn Baykara hakimiyyət başına gəldikdən sonra Nəvai möhürdar təyin olunub, 1472-ci ildə vəzir rütbəsinə yüksəlib, əmir titulu alıb.
   Nəvai dövlət adamı kimi dövrünün alim, şair, musiqiçi, rəssam və xəttatlarını himayə edib, öz hesabına mədrəsə və xəstəxanalar açıb, yollar, körpülər saldırıb, karvansaralar tikdirib, sarayda sadə xalqın müdafiəçisi kimi tanınıb.
   Lakin Nəvainin bu nəcib işləri irticaçı dairələrdə narazılıq doğurub, onlar şair haqqında böhtan və iftiralar yayıblar. 1476-cı ildə Nəvai vəzirlikdən imtina etməyə məcbur olub. Sonra Astrabad vilayətinin hakimliyinə göndərilib (1487), 1488-ci ildə Herata qayıdaraq, ömrünün axırınadək yaradıcılıqla məşğul olub. 1501-ci il yanvarın 3-də Heratda vəfat edib.
   Əlişir Nəvai 6 divan yaradıb. İlk şeirlərini “Bədaye ülbidayə” (1470) adlı divanında toplayıb, 2-ci divanını “Nəvadir ül-nəhayə” (1476-1483) adlandırıb. 1498-1499-cu illərdə özbək dilində yazdığı lirik şeirlərini “Çahar divan” adlanan 4 cilddə “Qəraib üs-sifər” (“Uşaqlığın qəribəlikləri”), “Nəvadir ül-şəvab” (“Gənclik nadirlikləri”), “Bədaiy ül vəsət” (“Orta yaşın gözəllikləri”), “Fəvaid ül-kibar” (“Böyüklüyün faydaları”) toplanıb. Fars dilindəki qəzəlləri “Divani-Fani” adı ilə məşhurdur.
   Şairin yaradıcılığının zirvəsi özbək dilində yaratdığı “Xəmsə”dir. Bu əsərlərdə Nəvai dövrünün ictimai məsələlərindən bəhs edib, Nizami ədəbi məktəbinin davamçılarından biri kimi şöhrətlənib. Nəvainin yaradıcılığı Azərbaycan ədəbiyyatı ilə yaxından bağlıdır. Şair Xəqani, Nizami və Nəsiminin əsərlərini dərindən öyrənib, onlara cavab yazıb. Onun əsərləri bir sıra xalqların dillərinə tərcümə olunub, əlyazmaları dünyanın ən iri kitabxanalarında mühafizə olunur.
   Şairin əsərlərinin süjetləri əsasında çoxlu musiqili əsərlər (opera, balet və s.), həyat və yaradıcılığından bəhs edən bədii əsərlər (Aybəkin “Nəvai” romanı və s.) yaradılıb, haqqında bədii film (“Əlişir Nəvai”, 1948) çəkilib. Nəvai şəhəri şairin şərəfinə adlandırılıb. Özbəkistanda adına maarif və mədəniyyət müəssisələri, ali məktəb və küçə var.
   Azərbaycanda da böyük özbək şairinin adı uca tutulur. Respublikamızın Hacıqabul rayonunda Nəvai qəsəbəsi, Bakıda şairin abidəsi ucaldılıb, Nəvai küçəsi var.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar