Kanadanın Vankuver şəhərində XXI “Global Soundscapes” Beynəlxalq Musiqi Festivalı çərçivəsində Xalq artisti, görkəmli tarzən, professor Ramiz Quliyevin iştirakı ilə silsilə konsert proqramları təşkil edilib.

Vankuverin “Cultch Historical Theatre” zalında gerçəkləşən konsertdə tarzənin 75 illik yubileyi münasibətilə kanadalı bəstəkar Farşid Samandarinin yazdığı “Tar və orkestr üçün konsertin” premyerası keçirilib. Əsərin özəlliyi Azərbaycan tarını müşayiət edən “Vancouver İnterCultural” (VİCO) dünya orkestrində müxtəlif mədəniyyətləri təmsil edən musiqi alətlərinin iştirak etməsi olub. F.Samandarinin yeni tar konsertində qujenq, santur, ahu, mandolin, kamança, key suona ilə yanaşı, Avropa simli və zərb musiqi alətləri də yer alıb.

Əsərin ilk ifasında “İnter-Cultural” orkestrini Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev idarə edib. Dünya musiqi mədəniyyətinin birliyini təcəssüm etdirən əsərin ifası kanadalı dinləyicilər tərəfindən alqışlarla qarşılanıb.

Növbəti gün Vankuver Tarixi Teatrında professor Ramiz Quliyevin solo konserti və festivalın bağlanış mərasimi olub. Məşhur Kanada pianoçusu Maykl Krebber və zərb ifaçısı Bijan Rahmaninin müşayiəti ilə gerçəkləşən konsertə biletlər bir neçə həftə öncədən satılıb. Əsasən Azərbaycan milli musiqisi – muğamlar və bəstəkar nümunələrindən ibarət olan proqramda Qəmbər Hüseynli, Cahangir Cahangirov, Tofiq Quliyev, M.Adil-Gəray, Vasif Adıgözəlov, Sərdar Fərəcov, Həsən Rzayevin əsərləri maraqla qarşılanıb.

Konsertdən öncə çıxış edən festivalın bədii rəhbəri tanınmış bəstəkar Mark Armanini görkəmli tarzənin yaradıcılığı haqda qısa məlumat verib və onu 75 illik yubileyi münasibətilə festivalın rəhbərliyi adından təbrik edib.

Festivalda Vankuverin “Arhu kvarteti”, Monrealdan “Paramirabo”, “88 sim” beynəlxalq musiqi ansamblları da çıxış edblər. Festivalın idarə heyətinin rəhbəri Naomi Ayren və festivalın yaradıcısı Moşe Denburq sonda Azərbaycan musiqiçilərini təbrik edərək növbəti Vankuver beynəlxalq musiqi festivalına dəvət edib.