Beynəlxalq layihə üzrə müraciətlərin qəbulu başlayıb

 

Mədəniyyət Nazirliyi UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və UNESCO üzrə Andorra Milli Komissiyası ilə birlikdə “Youth ArtCamp Shusha and Baku” adlı beynəlxalq layihədə iştirak etmək istəyənlər üçün müraciət qəbulu elan edib.

“Youth ArtCamp Shusha and Baku” layihəsi xarici rəssamların Azərbaycanın tarixi məkanlarından və təbiətindən ilhamlanaraq öz əsərlərini yaratması üçün təşkil edilib. Layihənin əsas məqsədi xarici rəssamların yaratdığı əsərlərinin nümayiş olunması ilə yanaşı, UNESCO-nun fundamental dəyərlərini, o cümlədən davamlı sülhü və mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqini təbliğ etməkdir.

“Youth ArtCamp Shusha and Baku” layihəsi 26 avqust – 5 sentyabr 2022-ci il tarixlərində Şuşa və Bakı şəhərlərində keçiriləcək. Layihədə 18-35 yaş arası rəssamlar iştirak edə bilərlər. Layihədə maraqlı olan gənc rəssamlar öz ölkələrinin UNESCO üzrə milli komissiyaları tərəfindən namizəd göstərilməlidir. Müraciətlərə baxıldıqdan sonra münsiflər heyəti tərəfindən 20 gənc rəssam layihədə iştirak etmək üçün seçiləcək. İştirak ilə bağlı bütün xərclər, o cümlədən aviabilet və mehmanxana xərcləri Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən qarşılanacaq.

Namizədlər müraciət prosesini onlayn qaydada tamamlamalıdır. Layihə haqqında ətraflı məlumat, o cümlədən konseptual sənəd, proqram və ərizə forması ilə bu link vasitəsilə tanış olmaq mümkündür:

https://forms.gle/jPQYSRD56ptPfH448

Layihədə iştirak etmək üçün müraciətlər iyunun 30-dək qəbul olunacaq.