Vətəni hər şeydən, hətta iki fidan qız övladından da əziz bilmək... Xalqımızın əbədi qürur ünvanına, and yerinə çevrilən yüzlərlə şəhidimiz körpə oğlunun, qızının şəkillərini cibinə qoyub düşmən üzərinə yeridi. Çünki Ana vətən çağırmışdı... Vətən müharibəsi şəhidlərindən Fərid Hüseynovu yada salırıq.

Fərid Etibar oğlu Hüseynov 11 iyun 1994-cü ildə Şəki rayonunun Qayabaşı kəndində dünyaya göz açıb. 2011-ci ildə Qayabaşı kənd orta məktəbini bitirib. 2011-2013-cü illərdə Ağdam bölgəsində həqiqi hərbi xidmət keçib. Hərbi xidməti başa vurduqdan sonra doğma kəndlərinə qayıdıb və 2014-cü ildə ailə həyatı qurub. Kənddə bir müddət fərdi təsərrüfatla məşğul olub. 2017-ci ildə anasının vəfatı ilə ailə sarsılır. Fərid ailəsi ilə Bakıya köçür. O, Binəqədi rayonunun Xocasən qəsəbə bələdiyyəsində fəhlə kimi çalışır.

Vətən müharibəsi başlayanda torpaqlarımızın azadlığı uğrunda döyüşlərə qatılır. Xocavənd-Şuşa ətrafı döyüşlərdə fəal iştirak edir. Döyüş yoldaşları ilə düşmənin ayağını əzəli yurd yerlərimizdən kəsir, yaşayış məntəqələrini, strateji yüksəklikləri azad edirlər. Oktyabrın 29-da Fərid son döyüşünə çıxır. Onun da yer aldığı döyüşçü qrupu mühasirəyə düşür. Düşmən ərazini intensiv şəkildə artilleriya atəşinə məruz qoyur və Fərid qəhrəmancasına şəhadətə yüksəlir.

Şəhidin atası Etibar Hüseynov oğlunu fəxrlə anır. Deyir ki, Fərid çox yaxşı oğul olub. Ata-anasına, ailəsinə bağlı idi. 2017-ci ildə anasının vəfatı onu çox sarsıtmışdı.

“Övladları Damla və Nəzrini hədsiz dərəcədə sevirdi. İndi qızları o sevginin həsrəti ilə yaşayırlar”. Bu fikirləri isə Fəridin həyat yoldaşı Ülviyyə xanım deyir.

Qayabaşı kənd orta məktəbinin müəllimi Rahim Hüseynov şəhid şagirdini belə xatırlayır: “Oxuduğu müddətdə sakit, səmimi xarakteri ilə şagird və müəllim kollektivinin yaddaşında iz buraxmışdı. Dərslərindən yüksək qiymətlər almasa da, idmana və hərbiyə olan xüsusi marağı ilə daim seçilirdi. Fərid səmimi, genişqəlbli oğlan idi. Ona hər hansı bir iş üçün müraciət etdikdə, heç vaxt biganə qalmazdı, əlindən gələn köməkliyi etməyə çalışardı. Çox zəhmətkeş idi. Uşaq yaşlarından ağır işlərdə işləməkdən əlləri qabar olmuşdu... Vətənin ona ehtiyacı olan bir dönəmdə isə ailəsini qayınatasına tapşıraraq döyüşə yollanıb...”.

Qayabaşı kənd orta məktəbi uşaq birliyinin rəhbəri Ülviyyə Qafarova Fəridin Vətən müharibəsindən bir qədər əvvəl sosial şəbəkədə çox kədərli bir paylaşımla ürəkləri dağladığını deyir: “Fərid müharibədən az öncə kəndə gəlmiş, qohum-əqrəbaları ilə görüşmüş, sonuncu dəfə anasının qəbrini ziyarət etmişdi. Hətta anasının başdaşına söykənib şəkil çəkdirmiş, “Ana, səninçün çox darıxmışam, tezliklə gələcəm yanına”, -deyə yazmışdı. Fərid cənnət mələyi idi. Çünki həm anasına, həm də Vətəninə ləyaqətlə xidmət etmişdi...”.

2020-ci il noyabrın 12-də Fərid Hüseynovun cənazəsi doğma kəndinə gətirilib və böyük izdihamla torpağa tapşırılıb. Dövlət başçısının sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Ruhu şad olsun.

F.Yunisli