“Al Mulino” operasında baş rolda

 

Azərbaycanın Əməkdar artisti, Prezident mükafatçısı Afaq Abbasova İtaliyanın Triest şəhərindəki Cüzeppe Verdi adına Opera Teatrında səhnəyə qoyulan Ottorino Respiginin “Al Mulino” operasında baş rolda – Aniuska partiyasında çıxış edib.

Əməkdar artist uzun müddətdir İtaliyada məşqlərdə iştirak etdiyini və ilk dəfə səhnələşdirilən bu tamaşada baş rolu ifa etməkdən xoşbəxt olduğunu deyib. Cüzeppe Verdi adına Opera Teatrında premyerası olan “Al Mulino” tamaşasının dirijoru Fabrizio Da Ros, rejissoru Daniele Piskopodur.

Sənətçi bildirib ki, “Al Mulino” operasında əsas partiyanı ifa etməklə yanaşı, R.Leonkavallonun “Pagliacci” operasında Nedda obrazında da səhnəyə çıxıb. Opera yeni quruluşda dirijor Valerio Qalli və rejissor Viktor Qarsia Sierranın rəhbərliyi ilə səhnələşdirilib. “Hər iki tamaşa İtaliya tənqidçilərinin müsbət rəyi və tamaşaçıların alqışları ilə qarşılanıb. Tamaşalarımız davam edir”, – deyə A.Abbasova bildirib.

Əməkdar artist İtaliyada yaradıcı fəaliyyətinə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya və Heydər Əliyev Fonduna, eləcə də ona dəstək olan hər kəsə təşəkkür edib.