Zamanın səhifələrində qalan olaylar, faktlar...
519 il əvvəl...
21 iyun 1503-cü ildə Şah İsmayılın başçılıq etdiyi Səfəvi qoşunları Almaqulağı (Həmədan yaxınlığında) döyüşündə Sultan Muradın başçılığı altında Ağqoyunlu ordusunu məğlub edib. 1500-cü ildə Ağqoyunlu dövləti ikiyə parçalandıqdan sonra onun bir qoluna Əlvənd Mirzə, ikinci qoluna Sultan Murad başçılıq edirdi. Səfəvi qoşunları 1501-ci ildə Şərur döyüşündə Əlvənd Mirzəni məğlub etmişdi. Ağqoyunlunun ikinci qolunun məhv edilməsi ilə Səfəvi dövlətinin güclənməsi başlandı.
409 il əvvəl...
21 iyun 1613-cü ildə Rusiyada Romanovlar sülaləsinin hakimiyyəti başlayıb. 1606-cı ildə başlayan qarışıqlıq və ixtilafdan sonra boyarlar gənc Mixail Romanovu çar seçdilər. Kremldəki Uspenski kilsəsində yeni çarın tacqoyma mərasimi keçirildi. Boyarlar Romanovun hakimiyyətinin müvəqqəti olacağını və ölkəni istədikləri kimi idarə edəcəklərini düşünürdülər. Lakin Mixailin çarlığı 32 il sürdü, Romanovlar sülaləsi isə 3 əsr hakimiyyətdə qaldı.
275 il əvvəl...
20 iyun 1747-ci ildə Nadir şah Əfşar (1688-1747) sui-qəsd nəticəsində öldürülüb. Nadir sonuncu Səfəvi hökmdarı III Şah Abbasın ordu komandanı olub. 1736-cı ildə III Şah Abbasın ölümündən sonra Suqovuşanda (Sabirabad rayonu) Azərbaycan bəylərinin qurultayını çağıraraq özünü şah elan edib. Nadir şah Səfəvilərdən sonra güclü Azərbaycan dövləti qurmaq istəyirdi. Lakin onun Azərbaycanı İran taxtı ətrafında birləşdirmək niyyəti yerlərdə etiraz doğururdu. Orta Asiyanın bir hissəsini, Hindistanın şimalını ələ keçirərək qurduğu imperatorluq ölümündən sonra dağıldı.
104 il əvvəl...
23 iyun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası ölkə ərazisində hərbi vəziyyətin elan olunması və bütün qüvvələrin daşnak-bolşevik “Bakı Kommunası” ilə mübarizəyə səfərbər edilməsi barədə qərar qəbul edib.
102 il əvvəl...
23 iyun 1920-ci ildə Təbrizdə Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə Azərbaycan Milli Hökuməti qurulub. Xiyabaninin lideri olduğu Azərbaycan Demokrat Firqəsi həmin ilin aprelində baş verən üsyan nəticəsində Təbrizdə faktiki hakimiyyəti ələ almışdı. Cənubi Azərbaycan Milli Hökuməti 1920-ci ilin sentyabrında Şeyx Məhəmməd Xiyabaninin qətlə yetirilməsi ilə süqut etdi.
82 il əvvəl...
22 iyun 1940-cı ildə faşist Almaniyası ilə Fransa arasında Kompen sülhü imzalanıb. Baş nazir Anri Petenin imzaladığı təslimçi sazişə əsasən, Fransanın üçdə iki hissəsi (Paris də daxil olmaqla) Almaniya tərəfindən işğal olunub, Fransanın ordusu buraxılıb. Almaniyanın Fransa üzərində işğalı 1944-cü ilədək sürdü.
81 il əvvəl...
22 iyun 1941-ci ildə Almaniya qoşunları SSRİ üzərinə hücuma keçiblər, Böyük Vətən müharibəsi başlayıb. Hitlerin “Barbarossa” planına görə, müharibə 2-3 ay ərzində SSRİ-nin Uraladək ərazisinin (o cümlədən Bakının) tutulması ilə yekunlaşmalı idi. Amma müharibə 4 il sürdü və Berlində başa çatdı. Bu qələbə SSRİ-yə 30 milyona yaxın insanın itirilməsi hesabına başa gəldi.
62 il əvvəl...
20 iyun 1960-cı ildə Mali və Seneqal federasiyaları Fransanın müstəmləkəçiliyindən çıxaraq müstəqilliyini elan edib. Bunun ardınca federasiya ləğv olundu və hər iki subyekt müstəqil dövlət oldu.
35 il əvvəl...
21 iyun 1987-ci ildə SSRİ-də ilk dəfə yerli hakimiyyət orqanlarına (kənd, qəsəbə və şəhər xalq deputatları sovetləri) alternativ əsasda seçkilər keçirilib.
30 il əvvəl...
20 iyun 1992-ci ildə Azərbaycan Respublikası ilə Estoniya (ölkəmizin müstəqilliyini 1992-ci il fevralın 20-də tanıyıb) arasında diplomatik münasibətlər qurulub.
21 il əvvəl...
21 iyun 2001-ci ildə Prezident Heydər Əliyevin fərmanı ilə Azərbaycanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılıb.
Hazırladı: V.Orxan